VİDEO

Həmişə birlikdə: Bakıda Qocalar evində yaşayan və 50 il birlikdə olan cütlük

Sputnik Azərbaycan Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə baş çəkib və orada yaşayan cütlüklərlə danışıb. Talıbov ailəsinin necə yaşadığını videomuzda izləyin.
Sputnik

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində birotaqlı palata Talıbovlar ailəsi üçün əsl yuva və ev olub. Bu otağa girəndə bir anlıq onun Qocalar evində yerləşdiyini belə unutmaq olar. Masanın üstündə meyvə, divarlarda asılmış şəkillər, mətbəxdə dəmlənən pürrəngi çayın ətri...

Mirabutalıb və Pikə Talıbovlar artıq 50 ildir birlikdədir. Onlar övladlarını çoxdan böyüdüblər, indi isə nəvələri ilə vaxt keçirməyi sevirlər. Amma həyat elə gətirdi ki, ömürlərinin son çağlarını Qocalar evində keçirməli oldular.

“Yeni tikilən evdə mənzil üçün pul vermişdim. Amma onlar həmin mənzili başqa adama satıblarmış. Biz isə qaldıq qıraqda”, - deyə ailə başçısı bizimlə bölüşüb.

Bu qədər il birlikdə qalmaq, bütün bu çətinlikləri aşmaq hər cütlüyün işi deyil. Talıbovlar isə bunun o qədər də çətin olmadığını deyiblər. Ən əsası bir-birinə qulaq asmaq və öz səhvlərini etiraf etməkdir.

Qeyd edək ki, müəssisədə hal-hazırda 240-ə yaxın sakin yaşayır. Onlardan 115-i qadın, digərləri kişidir. Sakinlərin 90%-nin yaşı səksəndən yuxarıdır.