CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tahir Budaqov əhalinin siyahıya alınmasının nə vaxt başa çatdığını dedi

Siyahıyaalma bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirilir. Əhalinin kənarda qalması müəyyən faiz ola bilər.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. "Siyahıyaalma bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirilir. Əhalinin kənarda qalması müəyyən faiz ola bilər. Lakin son vaxtlar tətbiq olunan texnologiyalar əsasında siyahıyaalma ənənəvi üsulları ilə yanaşı, inzibati məlumat mənbələrindən istifadə yolu ilə də həyata keçirilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında bildirib.

Tahir Budaqov vurğulayıb ki, Azərbaycanda ilk dəfə bu siyahıyaalma zamanı təsərrüfatbaşına uçot kitablarından da istifadə həyata keçirilib: "İlin sonuna qədər siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətlər əsasında hamısının siyahıyaalınmasını təmin etdik. 251 nəfər operator müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunub. Hazırda da həmin operatorlar tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək bu proses başa çatdırılacaq".

Komitə sədri qeyd edib ki, ondan sonra isə proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses də bir il davam edəcək: "Yekun olaraq təxminən 30 cilddən ibarət siyahıyaalmanın nəticələrini əks etdirən məcmuə nəşri ilə bu prosesə son veriləcək".