BAKI, 22 yanvar — Sputnik. Rusiyanın Vladivostok şəhərinin gömrük idarəsi Yaponiyadan gələn gəminin göyərtəsində radioaktiv avtomobil aşkar edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu son üç il ərzində birinci belə bir haldır.
"2011-ci ilin aprelində Yaponiyanın "Fukusima 1" atom stansiyasında qəzanın baş verməsindən 2017-ci ilədək gömrüyün fəaliyyət regionunda 875 belə məhsul aşkar edilib. Son üç il ərzində radioaktiv avtomobil aşkar edilməyib. Son hadisə göstərir ki, qəzanın fəsadları hələ də sonadək yox olmayıb", - Vladivostok gömrük idarəsinin mətbuat xidməti deyib.
Qeyd edilir ki, gömrükçülər "Toyota Prius Hybrid" markalı avtomobildən beta radiasiyanın gəldiyini aşkar ediblər. Nəqliyyat vasitəsi Yaponiyaya geri qaytarılacaq.
Xatırladaq ki, 2011-ci ildə güclü zəlzələnin səbəb olduğu sunamidən sonra Yaponiyanın "Fukusima 1" atom elektrik stansiyasında qəza olub. Nəticədə stansiyanın enerji bloklarının reaktorlarına soyuq su çatdırılması dayanıb və nüvə yanacağının qızması baş verib. Bu isə stansiyada partlayışın baş verməsi, enerji blokların dağılması və radioaktiv maddələrin ətrafa yayılması ilə nəticələnib.