CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün satışı həyata keçirəcək fond alıcılara maraqlı mesaj yolladı

Elektron İpoteka və Kredit Zəmanət"sistemi vasitəsilə təqdim olunan "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkminlləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Xəbər veridiyimiz kimi, artıq bu gündən sosial layihələrdən biri olan kirayə evlərin elektron müraciətlə satışına başlanılıb. Lakin satmaq öhdəliyi ilə kirayə evlərin satışı üçün "Elektron İpoteka və Kredit Zəmanət" sistemində (EİKZS) yaradılan elektron kabinet çöküb. Belə ki, ev almaq istəyən şəxslər Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş "Elektron İpoteka və Kredit Zəmanət" sistemində (EİKZS) yaradılan elektron kabinetə daxil ola bilsələr də, qeydiyyatdan keçə bilməyiblər. Artıq bir neçə saatdır ki, bu hal müşahidə edilir.

Yaranmış problemlə əlaqədar olaraq Sputnik Azərbaycan-a açıqlama verən informasiya və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz bildirib ki, bu məsələnin Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aidiyyəti yoxdur: "Dövlət orqanları və dövlət qurumlarının dayanıqlılığı məsələsinə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi baxır. Bu saytın hansı qurumun data mərkəzində yerləşməsini araşdırmaq lazımdır. Bu sayt NRYTN-nin data mərkəzində yerləşirdisə, data mərkəzdə problem olubsa, bu zaman nöqsan yarana bilər. Lakin adi vəziyyətdə isə saytın təhlükəsizliyinə XDMX-nın müvafiq dövlət agentliyi cavab verməlidir".

"Düşünürəm ki, bu kifayət qədər ciddi bir hadisədir. Çünki dövlətin resursu vətəndaşı üçün hər zaman əlçatan olmalıdır. Belə bir halın müşahidə olunması məsuliyyətsizliyin olmasının, kimlərinsə işlərinə ciddi yanaşmamasının göstəricisidir. Öncədən test aparılmalı, dyaanıqlılıq yoxlanılmalı idi. Çünki belə hallar dövlət qurumlarına başucalığı gətirməyən hadisədir", - deyə o əlavə edib.

O.Gündüz bildirib ki, bu məsələ araşdırıldıqdan sonra cavabdeh şəxslər məsuliyyətə cəlb olunmalıdır: "Bununla bağlı olaraq aidiyyəti dövlət qurumları da rəsmi açıqlama verməlidirlər".

O Mənzil İnşaaatı Dövlət Agentliyinin sosial mənzillərinin satışı zamanı müşahidə olunan problemdən də danışıb: "MİDA-nın satışında 2-3 dəfə bu problemlər müşahidə olunduqdan sonra adıçəkilən qurum özündə cəsarət taparaq bütün aidiyyəti qurumları işə cəlb edərək nöqsanları aradan qaldırdı, resursu bərpa edə bildi. Amma bu o demək deyil ki, hər bir dövlət qurumu bu yolu keçməlidir. Birində bu problem ola bilər, başqaları bundan ibrət götürməlidir".

NRYTN-nin mətbuat xidmətindən də məsələyə münasibət öyrəndik. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda isə bildirilib ki, e-gov.az sisteminə nəzarəti onlar həyata keçirtmirlər. Bundan başqa, nazirlikdən bu məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondundan hansısa müraciətin daxil olmadığı bildirilib.

Qeyd edək ki, hazırda sistemə daxil olmaq istəyən bir çox istifadəçilərə belə bir məlumat yollanılır: "Elektron İpoteka və Kredit Zəmanət"sistemi vasitəsilə təqdim olunan "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkminlləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı haqda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcək.

Bu gün satışı həyata keçirəcək fond alıcılara maraqlı mesaj yolladı

Qeyd edək ki, kirayə evlərlə bağlı bir sıra məsələlər bu günəədk qaranlıq qalmışdı. İpoteka və Kredit ZƏmanət Fondu tərəfindən bir sıra məlumatların açıqlanmaması ümxtəlif şayiələrin də yaranmasına yol açmışdı. Bu məlumatlarda həmin mənzillərin kv.m-nə görə qiymətlərinin 1841 manat olduğu bildirilirdi. Evlərin satış qiymtəi ilə bağlı olaraq yalnız ötən gün axşam saatlaırnda qurum tərəfindən rəsmi məlumat yayıldı.