Azərbaycan və Avropa İttifaqı yenə danışmalı olacaqlar

Ötən ilin dekabrından Brüsseldə yeni Avropa Komissiyası öz işinə başlayıb və Azərbaycanda dövlət strukturlarında dəyişikliklər gedir, yeni iqtisadiyyat naziri təyin edilib.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişdə razılaşdırılmayan bir sıra məsələlər məhz ticarət və iqtisadiyyata aiddir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, ötən ilin dekabrından Brüsseldə yeni Avropa Komissiyası öz işinə başlayıb və Azərbaycanda dövlət strukturlarında dəyişikliklər gedir, yeni iqtisadiyyat naziri təyin edilib: "Biz yeni nazirlə bu danışıqları neçə aparacağımıza dair müzakirələr apardıq. Ötən ilin dekabrında Bakıda Azərbaycan-Avropa İttifaqı arasında təhlükəsizlik üzrə dialoqun növbəti mərhələsi keçirildi. Avropa İttifaqından yüksək vəzifəli şəxslər bu dialoqda iştirak etdilər və Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirildi. Bu görüşdə Azərbaycan və Aİ arasında danışıqların bundan sonra necə aparılmasına dair müzakirələr keçirildi".

Yankauskas hesab edir ki, yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişə dair ya məsləhətləşmələr, ya da danışıqların yeni mərhələsi həyata keçiriləcək: "Biz ümid edirik ki, tərəfdaşlıq sazişini ən qısa zamanda imzalayacağıq. Düzdür, danışıqların yekunlaşdırılmasına dair konkret tarix yoxdur. Lakin hər iki tərəf danışıqların ən qısa zamanda yekunlaşdırılmasına və sazişin imzalanmasına səylər göstərir".