ELM

Müəllimlərin işə qəbulunda yenilik

Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından sözügedən qaydalara dəyişiklik edilib.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib.

Bu il işə qəbul olunan müəllimlərin sayı açıqlandı

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından sözügedən qaydalara dəyişiklik edilib.