BAKI, 21 yanvar — Sputnik, Kəmalə Əliyeva. Kulinar Fəridə Sadıqova-Buyuran amerikalı həmkarlarına Azərbaycan şirniyyatlarını hazırlamağı öyrədir. Bu barədə Sputnik Azərbaycan Sadıqova-Buyuranın sosial şəbəkə hesablarına istinadla xəbər verir.
Artıq 16 ildir Amerikada yaşayan kulinar müntəzəm olaraq amerikalı həmkarlarına ustad dərsləri keçir və onlara Azərbaycanın milli yeməklərini hazırlamağı öyrədir. Bu dəfə o, Novruz bayramının əsas atributlarından biri olan Azərbaycan şirniyyatı - şəkərburanı hazırlamağı öyrədib.
"Çox maraqlı idi. Əvvəlcə onlara çətin gəlirdi, sonra öyrənə bildilər", - Sadıqova-Buyuran amerikalılarla Azərbaycan şirniyyatını hazırlama prosesindən çəkilmiş şəkilləri paylaşaraq yazıb. O qeyd edib ki, şəkərbura ilə yanaşı, amerikalılara Lahıc şəkərçörəyi və fəsəli (soğanlı və ədvalı) bişirməyi də öyrədib.
Sadıqova-Buyuran master-klassları öz evində keçir. Onun sözlərinə görə, şəkərburanın görünüşü və dadı amerikalıların çox xoşuna gəlib.
Fəridə Sadıqova-Buyuran ABŞ-da Azərbaycan mətbəxinin təbliği ilə məşğuldur. Onun "Narlar və Zəfəran: Azərbaycana kulinar səyahəti" (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabı "National Indie Excellence Awards" beynəlxalq mükafatına layiq görülüb.