CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ginnesin Rekordlar Kitab"ına düşməyə iddialı olan Balakən sakini

13-14 yaşından arıçılıqla məşğul olduğunu söyləyən müsahimiz bu işin insandan diqqətli, səbrli və hövsələli olmağı tələb etdiyini söyləyir.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Balakən rayon sakini İlqar Məmmədov 40 ilə yaxındır ki, arıçılıqla məşğul olur. Arıçılıqla yanaşı, dülgərliklə məşğul olan İlqar Məmmədov, sanki bu 2 sənəti sintez edərək, mükəmməl bir iş sərgiləyib. O, həmkarlarından fərqli olaraq öz arı məhsullarını müştərilərə fərqli formada təqdim etməyi xoşlayır. Arıçı yarpaq, ləçək, kümbəzlə yanaşı, su qabağı, kötük kimi təbii arı pətəkləri də düzəldib: "Balakənin adının bal ilə başladığına görə doğrudan da bal məkanı olub. Yəni, hər ağacın içindən bal süzülüb gəlib. Balakən camaatının ləhcəsi şirin olduğuna görə, doğrudan da Balakən bal məkanıdır. Balakənin bir sakini kimi mənə məsuliyyət düşdü ki, Balakəni tanıdım, ölkəmizin, eləcə də dünyanın Balakən haqqında məlumatı olsun. Ona görə fikirləşdim ki, belə əsərlər yaradıb, ərsəyə gətirim. Tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanır".

"Ginnesin Rekordlar Kitab"ına düşməyə iddialı olan Balakən sakini

Həmsöhbətimiz iddia edir ki, onun yaratdığı əsərlərin dünyada analoqu yoxdur. O, bu sənəti ilə "Ginnesin Rekordlar Kitab"ına düşməyə iddialıdır: "Noyabrda  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  sərgisində iştirak etdim. Bundan başqa, 2020-ci ildə Rusiyanın Ufa şəhərində dünya arıçılarının festivalı var. Orada da yer tuta bilsəm, "Ginnesin Rekordlar Kitabı"na düşməyə çalışırıq".

13-14 yaşından arıçılıqla məşğul olduğunu söyləyən müsahimiz bu işin insandan diqqətli, səbrli və hövsələli olmağı tələb etdiyini söyləyir: "2009-cu ildən artıq peşəkar arıçı kimi fəaliyyətdəyəm. Hazırladığım kümbəzə  4 ay vaxt sərf etmişəm.  Ağacın tapılması üçün çox gəzmişəm. Sonda öz həyətimdəki alça ağacından kəsmişəm. Digərində isə selin gətirdiyi ağac kötüyündən istifadə etmişəm. Heç kəsin bəyənmədiyi hər hansı bir şeyə incəsənət adamı kimi dəyər verəndə dəyərli bir şey əmələ gəlir. Eksponadların hazırlanmasında ancaq arı və ağac məhsullarından istifadə etmişəm".

"Ginnesin Rekordlar Kitab"ına düşməyə iddialı olan Balakən sakini

Alıcılarının sırasında əcnəbilərin də olduğunu söyləyən qəhrəmanımız hər sifarişə 6-7 ay vaxt sərf etdiyini deyir: "Fransızlar, ərəblər, ən çox da ruslar sifariş verir. Bəzən, toylar üçün də sifariş verirlər. Sərgilərə dəvət ediləndə mən əl işlərimi satmıram. Ancaq yeni sezon başlayanda, mən onları satmalıyam. Alıcı sifariş verir, müəyyən vaxt təyin edir, mən də həmin vaxta qədər sifarişi hazırlayıb alıcıya satıram. Hər sifarişə 6-7 ay vaxt sərf olunur".

İlqar bəyin bu sahədə sələfi olmasa da xələfi var: "Davamçım da var, oğlumdur. Ola bilər ki, məndən də gözəl əl işləri olan biriləri çıxar. Bu gün hələ ki mən əl işlərimi çıxartmışam. Gələcəkdə yəqin ki, kimlərsə çıxara bilər. Arıçılıq sənətinə yeni nəfəs vermişəm. Dünyanın heç bir yerində belə əsərlər yoxdur, ancaq məndədir. İstəyirəm ki, oğlumun timsalında digər gənclər də bu sənətlə maraqlansınlar. Həm pul qazansınlar, həm də Azərbaycanı dünyada tanıtsınlar".

İlqar Məmmədov indi yeni ideyaları üzərində işləyir. Arzusu isə hazırladığı bu qeyri-adi arı pətəklərindən bir muzey açmaqdır: "Hər eksponata bir il vaxt sərf edirəm. Bal muzeyi açmaq istəyirəm. Çünki respublikamızda bal muzeyi yoxdur. Mən istəyirəm ki, Balakənimizdə bal muzeyi olsun".