Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Göyçay-İsmayıllı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib. O bildirib ki, mikroavtobus ilə minik avtomobili toqquşub: "Hadisə zamanı bir nəfər vəfat edib. Xəsarət alan beş nəfər İsmayıllı Rayon Xəstəxanasına gətirilib. İkisinin vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdiriləcək".
R.Əliyeva söyləyib ki, yaralılardan digər üçünə isə ambulator yardım göstərilib.
Xatırladaq ki, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21099"un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, 5 nəfər sərnişin – 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.