CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan bir dəqiqəlik susdu

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib
Sputnik

BAKI, 20 yanvar — Sputnik. 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar hadisələrindən 30 il ötür

Sputnik Azərbaycan-ın məlumatına görə, gəmilər, avtomobillər, qatarlar, metro qatarları bununla əlaqədar səs siqnalları verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Qanlı Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayon, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı anma mərasimləri keçirilir. Yüz minlərlə insan yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər.