CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otuz yeddi yaşlı "Gəncin" dramı - sevdiklərindən "öldürdülər" - FOTO

Bir vaxtlar may gələn kimi Bakının mərkəzindən kənar bu təpəlikdə adamlar qaynaşardı. Əsas piknik məkanlarındandı. İndi durumu ürək ağrıdır
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Əvvəllər Xətai rayonu, Zığ yolu, Sadıqcan və Əbilov küçələrini əhatə edən "Gənclik" parkı var idi. Var idi deyəndə ki, indi də var. Amma kəsilib satıla-satıla, kiçilib, balacalaşıb. 1983-cü ildə salınmış parkın başıbəlalı olub. Sevilib də, dəyərləndirilib də, tərk edilib də.

Bu günlərdə yolumuz "Gənclik" parkından düşmüşdü. 37 yaşlı, gəncliyini geridə buraxmış parkdan.

Otuz yeddi yaşlı "Gəncin" dramı - sevdiklərindən "öldürdülər" - FOTO

Ötən illərdə vəziyyəti daha acınacaqlı olsa da, bir müddət öncə burada "Nəsimi ili" çərçivəsində minlərlə ağac əkildi. Parka yeni ruh, nəfəs gəldi. Parkda olan tikililər alabəzək bəzədildi. Amma...

Nizami adına mədəniyyət və istirahət parkının direktoru Alfred Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər direktoru olduğu "Gənclik" parkı 1983-cü ildə status alıb. Onun sözlərinə görə, Qarabağ müharibəsi dövründə bu parkın ərazisində hərbi hissə olub. Hərbi hissə ilə yanaşı, tankların sınaqdan çıxarılması üçün hovuz da tikilib.

"Tankları hovuza salıb, suya davamlılığını yoxlayırdılar. Həmin hovuzun divarları çox enli tikilmişdi. Mən o parka təyin ediləndə həmin hovuzun içinə attraksionlar qoydurmuşdum. Kafe də açmaq istəyirdik. Ancaq görünür, yaxşı planlaşdırmadığım üçün alınmadı", - deyən A.Quliyev bildirib ki, sonradan parkda kafe salınması üçün bir sahibkara icazə verilsə də, o da bu işi yarımçıq qoyub.

Otuz yeddi yaşlı "Gəncin" dramı - sevdiklərindən "öldürdülər" - FOTO

Sonradan orada yüzlərlə ağac əkilib, park daha da yaşıllaşdırılıb. Polis İdarəsi tikildikdən sonra isə bir müddət bağ baxımsız qalıb.

Deyilənə görə, vaxtilə 52 hektar əraziyə malik parkda böyük göl də olub. Həmin dövrdə göl sakinlərin məişət tullantılarının atıldığı bir yerə çevrilibmiş. Sonradan təmizlənib.

"Gölü təmizlətdirib balıq saxlamağa başladıq. Yaxınlıqda yaşayanlar gəlib, göldən balıq aparırdılar. Gözəl bir güşəyə çevrilmişdi park. Sonradan baxımsız vəziyyətə düşdü", - deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, Bakıda belə parklar qorunub-saxlanılmalı, bərpa edilməlidir.

Otuz yeddi yaşlı "Gəncin" dramı - sevdiklərindən "öldürdülər" - FOTO

Ölkə prezidentinin parka yolu düşəndən sonra park yenidən nəzarətə götürülüb.

A.Quliyev danışır ki, 1983-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti yeni parkların salınması üçün sərəncam veribmiş. Parkların biri Xətai rayonunda - keçmiş Şaumyan rayonunda, digəri isə Lökbatanda salınmışdı. Rayonun bütün iməcilikləri bu parkda keçirilirmiş. Lökbatanda salınan park isə tarixə qarışıb.

Əvvəllər parkın adı "Lenin zirvəsi" ("Pik Lenina") olub və hətta orada Leninin fotosunu da vurublarmış. Sonradan parka "Gənclik" adı verilib.

Hətta parkın yaxınlığında gecəqondu tikmiş sakinlərin köçürülməsi də bir zamanlar gündəmdə olub. Və onlar üçün xüsusi bina da tikilib. Amma nə sakinlər köçürülüb, nə də park diqqət mərkəzinə "qayıdıb". Əksinə, zaman-zaman parkın ərazisi müxtəlif şəxslərə satılıb.

Hazırda parkın 15 hektarlıq ərazisi park kimi qalıb. Bu gün buranın təmir edilməsi yenidən gündəmdədir. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, park yenidən qurulacaq. Artıq bu məqsədlə layihə də hazırlanıb.