İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 19 yanvar - Sputnik. Qış ayları olmasına baxmayaraq, havaların mülayim keçməsi Azərbaycanın Qərb bölgəsinə öz mənfi təsirlərini göstərməkdədir. Qar, şaxta olmadığından, ağac qabığında həşəratlar inkişaf edərək çoxalır, bundan əlavə, isti hava onların qış yuxusuna getməsinə mane olur. Nəticədə istirahət edə bilməyən ağaclar yaz fəslinədək yorulur, ziyanvericilər isə onların qurumasına və məhsul verməməsinə gətirib çıxarır. Bu da bağbanların narahatlığına səbəb olur. Sputnik Azərbaycan-ın bölgə müxbiri mövcud havanın bağçılığa mənfi təsiri və bu təsirlərdən yaxa qurtarmağın üsullarını araşdırıb.
Qazax rayonunun Qarapapaq kəndindən olan təsərrüfatçı Arzuman Xasməmmədli mülayim hava şəraitində ziyanvericilərin daha sürətlə artdığını və bunun ağacların qurumasına səbəb olduğunu deyib:
“Artıq ikinci ildir ki, iqlim mövsümə uyğun olmadığından bağlarda ağaclar quruyur. Bu cür hava şəraitində ziyanvericilər sürətlə artır. Ağac qabıqları arasında öz sürfələrini tökən həşəratlar bütün bağ meyvələrinə ziyan vurur. Bundan əlavə, uzun müddətdir yağıntının olmaması da ağacların qurumasını sürətləndirir”, - deyə bağ təsərrüfatçısı bildirib.
İsrtənilən halda məhsul qıtlığının qaçılmaz olduğunu deyən fermer, əsas məqsədinin ağacların qurumasının qarşısını almaq olduğunu bildirib.
Ağstafa rayon Qarahəsənli kəndindən olan bağban Süleyman Babayev də bitkilərdə xəstəliklərin sürətlə artmasından gileylənib. Xəstəliyin ən çox şaftalı və ərik ağaclarında, həmçinin qarağat kollarında müşahidə edildiyini vurğulayan bağban, bununla mübarizə üsullarından da danışıb:
“Ən azı 10 gün şaxta olmalıdır ki, ziyanvericilərin artımının qarşısı alınsın, məhsuldarlığa çox təsir göstərməsin. Ziyanvericiləri qırmaq, ağacları qurumağa qoymamaq üçün normalda olduğundan bir neçə dəfə artıq dərman vurmağa məcbur oluruq. Bu da əlavə xərclərə gətirib çıxarır”, - deyə təsərrüfat sahibi bildirib.
O, həmçinin qeyd edib ki, bəzən heç vurulan dərmanların da təsiri olmur. Dərmanları isə internetin və satıcıların köməyi ilə əldə edirlər. Fermer zərərlərdən qaçmaq üçün aidiyyatı təşkilatların mütəxəssislərinin bağçıları düzgün dərman vasitələrindən istifadə haqda təlimatlandırmasını məqsədəuyğun sayır.
Bu cür vəziyyətlərdə fermerlərin hansı üsullardan yararlana biləcəyini öyrənmək üçün Sputnik Azərbaycan Qazax Dövlət Aqrar İnkişaf Mərkəzi-nin bitkiçilik sektorunun müdiri Barat Vəliyevə müraciət edib. Mütəxəssis uzun müddət davam edin yağmursuzluğun və mülayim hava şəraitinin meyvə ağaclarına mənfi təsirinin çoxluğunu təsdiq edib. Lakin o, bundan çıxış yollarının da olduğunu bildirib:
“Hazırkı şəraitdə onu deyə bilərəm ki təsərrüfat sahibləri imkan daxilində donmuş və sonra donu açılmış sudan istifadə etsinlər. Ağacların dibini belləsinlər, budama aparsınlar, peyin, gübrə versinlər ki, ağaclar gücdən düşməsin”, - deyə mütəxəssis öz məsləhətini verib.
Sektor müdiri fermerlərin hər hansı bir çətinliklə üzləşdiyi təqdirdə rayonlar üzrə DAİM-in mütəxəsislərinə müraciət edə biləcəklərini əlavə edib.