Bakıdakı sirli məbəd: başqa millətdən olanlar öldükləri zaman cəsədləri burada yandırılıb

Hindlilər öldükdə məbədin ərazisində kremasiya üçün nəzərdə tutulmuş dördbucaqlı daş ərazidə onların cəsədləri yandırılırmış.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Hindistandan gəlmiş tacirlərin Bakı yaxınlığındakı atəşgahda yaşayaraq elə buradaca öldüyünü və cəsədlərinin yandırıldığını yəqin ki, çox az adam bilir. Bəlkə də elə buna görədir ki, son illər Hindistandan ölkəmizə gələn, burada müxtəlif ayinlər icra edən turistlərin, zəvvarların sayı artıb. Suraxanı kəndi yaxınlığındakı "Atəşgah" məbədi təkcə yerlilərin deyil, əcnəbilərin də ibadət yeridir. Deyilənə görə, keçmişdə də belə olub. Bakıdan 30 kilometr uzaqlıqda yerləşən məbəd müxtəlif zamanlarda zərdüştilərin, hinduistlərin və siqhlərin ibadətgahı olub. Tarixi mənbələrə görə, kompleksin inşa tarixi 1713-cü ilə təsadüf edir.

Bakıdakı sirli məbəd: başqa millətdən olanlar öldükləri zaman cəsədləri burada yandırılıb

10-12 il əvvəl Atəşgahın ərazisi kiçik idi, qonaqları isə az. İlk baxışdan elə görünürdü ki, zaman keçdikcə, bura gözdən-könüldən uzaq qalıb xarabalığa çevriləcək. Lakin belə olmadı. Məbədin ətrafı hasarlandı, restoranlar, müxtəlif mağazalar salındı, ətrafı əcnəbi musiqilərin sədaları bürüməyə başladı. İndi ora gedəndə adama elə gəlir ki, Azərbaycanda yox, hansısa xarici ölkədəsən. 

Məbədin bələdiçisi Seyid Tağıyevin sözlərinə görə, buranın adı "Alov evi" və ya "Alovun məkanı" mənasını verir. 

Bakıdakı sirli məbəd: başqa millətdən olanlar öldükləri zaman cəsədləri burada yandırılıb

Bu ərazilərdə yerdən çıxan təbii qazlar alovlanaraq daim yandığı üçün, insanlar buranın müqəddəs yer olduğunu düşünərək bu yerdə məbəd tikiblər. Həmsöhbətimizin sözlərinə əsasən, Azərbaycan və İran ərazilərində islamdan öncə Zərdüştilik də geniş yayılıbmış. Bu dinə görə, insan 4 müqəddəs ünsürə  - od, su, torpaq və havaya hörmətlə yanaşmalıdır. Ona görə də, bu dörd ünsürü müqəddəs hesab edib, onların daima təmiz qalmasına səy göstərirdilər. Zərdüşt dininə inananlar odu, göstərdiyimiz dörd ünsür içərisində ən müqəddəs, ilahi və ülvi qüvvə hesab edirdilər. Onlar odun nuruna sitayiş edir, qarşısında səcdə qılıb, dua oxuyur və onun şərəfinə qurbanlar verirdilər. Lakin sonradan bütün bu inanc dəyişdirildi və insanlar sırf oda sitayiş etməyə başladılar və beləliklə, tədricən Zərdüştilik ənənələri üstündə görünüş və formaca eyni, lakin məzmunca fərqli yeni bir din, Atəşpərəstlik formalaşdı.

Bakıdakı sirli məbəd: başqa millətdən olanlar öldükləri zaman cəsədləri burada yandırılıb

Tağıyevin fikrincə, zərdüştilər bu ərazidə odun sönmədiyini gördükləri üçün buranı müqəddəs torpaq kimi seçərək, məbədlərini də bu yerdə ucaldıblar. Əsrlər sonra isə hindlilər ticarət yolları vasitəsilə buradan keçərkən, bu alovlar haqqında eşitdikləri zaman bura gəlir və bəzən geri qayıtmır, elə buradaca ölürdülər.

"Məbədin ərazisində kremasiya üçün nəzərdə tutulmuş dördbucaqlı daş ərazi ayrılıb. Məbəd ərazisində yaşayan hindlilər öldükləri zaman burada cəsədləri yandırılırdı. Hindlilər öz dinlərindən imtina etmədikləri üçün, bu məbəd hər iki dinin daşıyıcıları üçün müqəddəs hesab edilir", - deyə bələdçi bildirib. 

Tağıyev bildirib ki, məbədin 26 otağı var. Otaqlarda hər iki dinə aid simvollar, əşyalar yer alıb. Eyni zamanda otaqlarda iki dildə - fars və sanskrit dilində yazılar var. Burada ziyarətçilərə neft sənayesi ilə bağlı məlumat verilir. Buna səbəb hazırda ərazidə təbii alovun olmamasıdır.

Bakıdakı sirli məbəd: başqa millətdən olanlar öldükləri zaman cəsədləri burada yandırılıb

"XIX əsrdə neft sənayesi yaradıldıqdan sonra burada təbii alov azalmağa başlayıb. Neft buruqları məbədin divarlarına çox yaxın salınmışdı. Bu da alovun azalmasına səbəb olub. 1883-cü ildə məbəddə sonuncu təbii alov sönüb", - deyə Seyid Tağıyev bildirib.

Məbədin divarlarında həmin dövrlərdə müxtəlif rəsmlər çəkilsə də, bu günə qədər gəlib çıxmayıb. Buranın həyətində 2010-cu ildə bir quyu aşkarlanıb. Deyilənə görə, quyu uzun illər əncir ağacının altında qalaraq itib batıb. Ancaq 2010-cu ildə qazıntlar zamanı aşkara çıxıb. 

Hazırda hər gün onlarla turist məbədi ziyarət edir. Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.