CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ASAN Könüllülərin rəhbəri “Könüllülər ili”ndə görüləcək işlərdən danışır

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli deyir ki, könüllülük fəaliyyətinə qoşulan gənclər gələcəkdə ixtisaslı və peşəkar kadr kimi formalaşırlar
Sputnik

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə tarixi könüllülük ənənələrinə verilən yüksək dəyərdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli deyib.

Sahil Məmmədli bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər üçün ilk növbədə məsuliyyətli vətəndaşlıq hissi aşılanır:

“Yəni gənclərimiz öz ekoloji, mədəni, hüquqi, ictimai məsuliyyətlərini başa düşürlər. Bu fəaliyyət özlüyündə gələcək nəsillərin yetişdirilməsinə, formalaşdırılmasına böyük təsir göstərir. Xüsusi vurğulamaq lazımdır ki, könüllülüyün ikinci əsas komponenti də fərdi və peşəkar inkişafa verdiyi töhfədir. Könüllülük fəaliyyətinə qoşulan gənclər gələcəkdə ixtisaslı və peşəkar kadr kimi formalaşırlar. İxtisaslaşmış könüllülük təsisatlarının işinə qoşulan könüllülərimiz həmin ixtisas üzrə peşəkar biliklərə yiyələnir, onlara dövlətçilik, vətənpərvərlik hissi aşılanır və nəticədə həmin gənclər öz məsuliyyətlərini başa düşən faydalı insanlara çevrilirlər. Bir sözlə, gənclər üçün könüllülük fəaliyyətinin əsas mahiyyəti, onlarda fərdi və peşəkar yanaşmanın formalaşdırılmasıdır, eyni zamanda, onların məsuliyyətli insana çevrilməsidir”.

Prezident İlham Əliyev dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Sahil Məmmədlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz