CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra Hakimiyyəti döyülən uşaqla bağlı açıqlama verdi - Müəllim işdən çıxarılıb

Məsələni araşdıran komissiyanın qərarına əsasən, dekabr ayında müəllim Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub
Sputnik

Zülfiyyə Quluyeva, Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülərə münasibət bildirib.

BŞİH-nin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülər yayımlanıb. Qurumdan bildirilib ki, İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür. Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən, dekabr ayında müəllim Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.

Məsələ ilə bağlı Sputnik Azərbaycan adıçəkilən uşaq evinin rəhbəri Sevda Hacıyeva ilə əlaqə saxlayıb. S.Hacıyeva açıqlamasında bəzi detallara aydınlıq gətirməyə çalışıb: "Bu hadisə dekabrın 29-da olub. Döyülən uşağın anası həmin videonu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edib. Elə həmin gün biz Bakı Şəhər İcra Hakimiyyətinə dəvət olunduq və bundan sonra əmrlə həmin müəllim işdən azad olundu".

Uşağın döyülmə xəbərinə isə S.Hacıyeva belə aydınlıq gətirib: "Orada tərbiyəçinin belə bir sözü var: sənə demişəm ki, onun yanına getmə. Tərbiyəçi onu dedikdə elə videonu çəkən uşağı nəzərdə tutub. Çəkən uşaq videodakı uşağı qəsdən vurudu ki, get müəllimin yanına, şikayət elə, qoy o sənə nəsə desin, mən çəkəcəyəm. Bu qəsdən qurulmuş plan olub".

"Müəssisəmizdə içəri telefon keçirtmək qadağandır. Mən dəfələrlə bununla bağlı olaraq polisə məktub yazmışam. Polis gəlib telefonu alır, amma səhəri gün ana telefonu yenə də uşağa verir ki, get çək, gətir", - deyə o əlavə edib.