Amerika dolları ərəb ölkəsini qarışdırdı

Bir müddət öncə fəallar Parlament qarşısında "hiddət şənbəsi" şüarı altında kütləvi nümayişə çağırıblar. Bu gün müxtəlif şəhərlərdən Livan paytaxtına xeyli etirazçı dəstəsi gəlib
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Livanın paytaxtı Beyrutda Parlamentin qarşısında polislə etirazçılar toqquşublar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, polis gözyaşardıcı qazdan istifadə edib.

Etiraz aksiyasının iştirakçıları polis kordonuna daş və metal çubuqlar atıblar, sonra isə hasarları sökməyə çalışıblar. Polis isə öz növbəsində gözyaşardıcı qaza əl atıb.

​Bir müddət öncə fəallar Parlament qarşısında "hiddət şənbəsi" şüarı altında kütləvi nümayişə çağırıblar. Bu gün müxtəlif şəhərlərdən Livan paytaxtına xeyli etirazçı dəstəsi gəlib.

Livanda maliyyə və iqtisadi vəziyyət getdikcə ağırlaşır. Prezident Mişel Aun ötən ilin oktyabrında bildirib ki, ölkə maliyyə blokadası və sanksiyalardan əziyyət çəkir. Bank sektorunda valyuta defisiti hiss olunur. Xarici hesablara pul köçürülməsi dayandırılıb, dolların verilməsi həftədə min vahidə endirilib, nəğd valyuta verərkən komissiyanın faizi artırılıb. Şəxsi sahibkarlar nağdsız hesablaşma ilə ödəmələri qəbul etməkdən imtina edirlər. Eyni zamanda Livan funtu 30 ildə ilk dəfə olaraq Amerika dollarına nisbətdə zəifləməyə başlayıb. İndi məzənnə 1 dollara 2400 funtdur, ölkənin Mərkəzi Bankı isə onu 1515 funt həddində saxlamaqda davam edir.

​Bununla əlaqədar olaraq ötən ilin oktyabrından hökumət əleyhinə nümayişlər başlayıb. Etirazçılar iqtisadi islahatlar və korrupsiyaya qurşanmış məmurların məhkəməyə cəlb olunmasını tələb edirlər. Sədi Həririnin hökuməti oktyabrın 29-da istefaya getsə də, etirazlar dayanmır. Ölkə iki aydan çoxdur ki, siyasi vakuumdadır: Prezident Hassan Diyabı yeni Baş Nazir təyin etsə də, bütün siyasi tərəfləri məmnun edəcək hökuməti qurmaq hələ alınmayıb.