CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu adam hər gün həm keçmişini, həm də gələcəyini görür - FOTO

"Bu mənə insanın ölümsüz olmadığını xatırladır. Sonumuzun bir daş olacağını yada salır. Bu səbəbdən pis əməllərdən çəkindirməyə çağırır"
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. O, hər səhər qalxdığında öz məzar daşıyla qarşılaşır. Daşın üzərindən baxan fotosunun qarşısında dayanaraq heç bir şeyin sonsuz olmadığını bir daha xatırlayır.

Sputnik Azərbaycan xəbər verir ki, Ağstafa rayon Poylu kənd sakini, 81 yaşlı Yaqub Dəmirov sağlığında özü üçün məzar daşı hazırlatdırıb. O, özündən sonra kimsənin əziyyət çəkməməsi üçün bu yola əl atıb. Qara mərmər daşdan hazırlatdığı məzar və sinə daşının üzərinə şəklini və sevdiyi şeir parçasını həkk etdirib.

Bu adam hər gün həm keçmişini, həm də gələcəyini görür - FOTO

Vaxtaşırı olaraq onları silib-təmizləyən Yaqub Dəmirov iş yoldaşlarıyla təsadüfi söhbət zamanı bu qərara gəldiyini deyir:

"Uzun müddət sürücü işləmişəm. Bir gün keçmiş iş yoldaşlarımdan biri ilə söhbət edəndə dedi ki, istəyirəm, özümə məzar daşı düzəltdirim, amma qorxuram. O söhbət həmişə başımda fırlanırdı. Bir gün qərara gəldim ki, öz daşımı hazırladım. Ağstafada 2400 manata bu daşı hazırlatdım. Öz halal pulumla düzəltdirdim ki, mən öləndən sonra heç kim əziyyət çəkməsin".

Qorxmaz adam olduğunu deyən Ağstafa sakini bunun həm də tərbiyəvi xarakter daşıdığı fikrindədir.

"Hər səhər öz başdaşımla qarşılaşıram. Bu mənə insanın ölümsüz olmadığını xatırladır. Sonumuzun bir daş olacağını yada salır. Bu səbəbdən pis əməllərdən çəkindirməyə çağırır", - ahıl bildirir.

Yaqub Dəmirov bəzən öz məzar daşının yanında dayanaraq keçmişi yada salıb dərdləşdiyini də deyir. Özünün dəfn olunacağı yeri isə dünyasını dəyişən həyat yoldaşının məzarının yanında saxlayıb.