CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq əcnəbilər də həyəcan təbili çalır - Azərbaycan bu gedişatın qarşısını almalıdır

Burada hər kəs istiqanlıdır, danışıb, deyib-gülür, hər zaman bizə xoş gəlmisiniz, deyirlər. Azərbaycan Cənubi Qafqazın ən istiqanlı ölkəsidir.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bir neçə ay öncə Azərbaycanda İsveçrə səfirliyi tərəfindən təşkil olunan Qadın Resurs Mərkəzləri fəaliyyətinə başlayıb.

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti İsveçrənin Azərbaycandakı Səfirinin Müavini, İsveçrə Əməkdaşlıq Ofisinin rəhbəri Simone Haeberlidir. Onunla buradakı fəaliyyəti, Qadın Resurs Mərkəzləri haqda danışdıq.

- İstəyərdim öncə buradakı fəaliyyətiniz haqda danışaq.

- Bakıda İsveçrə Əməkdaşlıq Təşkilatının rəhbəriyəm. Burada bizim, yəni İsveçrənin iki dövlət agentliyi fəaliyyətini davam etdirir. Onlardan biri SECO-dur (İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi). Bu agentlik iqtisadi məsələlər üzrə ixtisaslaşaraq iqtisadi, maliyyə məsələləri, makroiqtisadiyyat üzrə əməkdaşlığı həyata keçirir. Digər agentlik isə SDC (İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi) adlanır. Bu agentliyin fəaliyyətinin əsas istiqamətləri iqlim dəyişikliyinə adaptasiya olunma və qadınların iqtisadi asılılığını aradan qaldırmaqla onların iqtisadi güclülüyünə nail olmaqdır.

Artıq əcnəbilər də həyəcan təbili çalır - Azərbaycan bu gedişatın qarşısını almalıdır

- Artıq İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı 20 ildir ki, Azərbaycanda fəaliyyətini davam etdirir. 20 il öncə Azərbaycanda vəziyyət necə idi?

- 20 il öncə Azərbaycanda vəziyyət çox gərgin olduğu üçün buradakı əsas fəaliyyətimiz insanların yaşam vəziyyətlərinə fokuslanmışdı. Bu səbəbdən də Azərbaycanda humanitar yardımımız öz fəaliyyətinə başladı. Artıq bizim təkmilləşmiş bir portfoliomuz mövcuddur. Bu portfolionun digər bir hissəsi kimi həssas insanlarla işlər görülür.

- Əsas çağırışlarınız nədən ibarətdir?

- Əsas çağırışlarımız insanların normal dolanışığı, yaşamına yönəlib. Biz, necə normal biznes qurmaq olar, bunu göstərməyə çalışırıq. Fəaliyyətimizlə bağlı üzərimizə düşən öhdəliklər çoxdur, onlardan biri də dövlət borcunun idarə olunmasının təkmilləşdirilməsidir. Biz Azərbaycanın bank sektoruna maliyyə məsələlərinin və bu istiqamətdə olan risklərin daha təkmil idarəsini tövsiyə edirik. Çünki risklərin mükəmməl idarəsi kreditlərin müştərilər üçün daha sərfəli olmasına və faizlərin qədərindən artıq olmamasına şərait yaradır.

- Azərbaycanda keçirilən islahatlar və nəticələr haqda danışardıq.

- Bu gün Azərbaycanda özəl sektorda da islahatlar aparılır. Əlsində ölkənizdə dövlət borclarının idarə olunması ilə bağlı proqramın olması sevindiricidir. Bundan başqa, onu qeyd etməliyəm ki, cari ildə Azərbaycanda vergilərlə bağlı bir çox islahatlar həyata keçirildi. Ümumiyyətlə, bu sektorda əsas məsələ itkilərin və qazancların nə qədər olmasıdır.

- Bank sektorunda olan əsas problem nədir?

- Kredit üçün banka müraciət etdikdə bu zaman müsbət, yaxud da mənfi risklər dəyərləndirilir. Kredit bürosu tərəfindən sorğu hazırlanır və müştərinin maliyyə durumu qiymətləndirilərək banka ötürülür. Təbii ki, qiymətləndirilmə səviyyəsi yüksək olmadıqda, bu zaman həmin müştəriyə kredit verilmir. Azərbaycanda kreditlərlə bağlı əsas problem faizlərin çox yüksək olması ilə bağlıdır.

- Azərbaycanda hansı turizm növlərinin inkişafını perspektivli hesab edirsiniz?

- Biz Azərbaycanda regional turizmin inkişafə haqda düşünürük. Çünki əksər avropalı turistlər bura məhz tarixi yerləri görmək üçün üz tuturlar. Bunun üçün turizmin bir çox növlərini də inkişaf etdirmək lazımdır. Eyni zamanda gəzinti, veloturizmi və ekoturizmi də inkişaf etdirmək labüddür. Turizmin inkişafı üçün hər bir kənddə hotellərin olması önəmlidir. Biz İsveçrənin turizmi qurmaq və təbiətin məhv olmasının qarşısını almaqla bağlı bir çox təcrübələrini də Azərbaycanla bölüşmək istəyirik.

- Qadınların problemlərinin aradan qaldırılması istiqamətində də müəyyən işlər görürsünüz. Bu haqda danışardınız.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətimizi davam etdiririk. Qadınların iqtisadi asılılığını sıfıra endirmək üçün Qusarda və Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzləri açmışıq. Qadınların hansısa məsələni müzakirə etmək üçün kişilər kimi çayxanaları yoxdur. Ona görə də biz belə bir mərkəzin açılmasını məqsədəuyğun hesab etdik. Bu resurs mərkəzi qadınların həm də işgüzar fəaliyyətlərinə də müsbət töhfə verir və onlar üçün təhlükəsiz mühit yaradır.

Artıq əcnəbilər də həyəcan təbili çalır - Azərbaycan bu gedişatın qarşısını almalıdır

- Bu resurs mərkəzlərində qadınlar başqa nələr öyrənirlər?

- Onlar burada həmçinin necə büdcə yaratmaq, riskləri qarşılamaq olar, bu kimi biliklərə də yiyələnmiş olurlar. Bundan başqa, biz həmin şəxslərə qurduqları biznes üçün nə qədər vergi ödəməli olacaqlar, ümumiyyətlə vergi ilə bağlı məsələləri necə həll edə bilərlər, kimi bilikləri vermiş oluruq. Bizim qadınlar üçün çox gözəl biznes planlarımız mövcuddur. Biz növbəti mərhələlərdə, eləcə də biznesin qurulması zamanı da qadınlara kömək edir, onlar üçün ərazinin bir hissəsini icarəyə götürürük. Bu resurs mərkəzlərinə cəlb olunan qadınlar özlərinə daha inamlı olur və maliyyə məsələlərinin necə idarə olunması haqda bilgilərə sahiblənirlər. Sonradan isə onlar özləri üçün kiçik büdcəli təminatları da formalaşdırırlar.

- Bəs alıcılar necə cəlb olunur?

- Bu gün ən çətin məsələlərdən biri də alıcı tapmaqdır. Bunun üçün biz ilk olaraq digital marketinq yaratmışıq. Yəni bu qadınların istehsal etdikləri məhsulların "online" marketdə satışını təmin edirik. Düzdür bu gün dövlət tərəfindən kiçik sahibkarlıq təşviq edilir. Buna misal olaraq "ABAD"ı, "Kənddən Şəhərə" layihələrini misal çəkmək olar. Düşünürəm ki, nəinki dövlət, eləcə də özəl sektor da bu işdə öz töhfəsini verməlidir.

- Bilirsiniz ki, xüsusən də iqtisadi asılılığı olan qadınlar digərləri ilə müqayisədə əksər hallarda zorakılığa göz yumur, daha çox zorakılıq qurbanı olurlar. Mənə maraqlıdır, adını çəkdiyiniz qadın resurs mərkəzinə cəlb olunanların əksəriyyəti ailəli şəxslərdir, yoxsa ki, boşanmış şəxslərdir?

- Bizim resurs mərkəzində hər cür qadın var. Bu resurs mərkəzlərində müxtəlif konfliktlərdən çətinliklə çıxan qadınlar da var. Hansı ki, onlar üçün iqtisadi mühitə inteqrasiya etmək çətindir. Burada həmçinin məişət zorakılığına məruz qalan qadınlar da var. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da məişət zorakılığı zəmnində öldürülən qadınların da sayı az deyil. Əlbəttə məişət zorakılığında iqtisadi asılılığın və digər nüansların da rolu var. Lakin bu yalnız Azərbaycan adına bağlı olan problem deyil.

- Problemin həlli isə yəqin ki, elə təhsildən başlayır, necə düşünürsünüz?

- Təhsilli, karyerası olan, müəyyən gəlirləri olan qadın isə bu gün özünü rahatlıqla ifadə edir və məişət zorakılığının qurbanı olma riskləri digərləri azdır. Düşünürəm ki, cəmiyyətin bütün fərdləri təhsilli olmalıdır, lakin qadınların təhsilli olmaları mütləqdir. Qızlarımızın xoşbəxt böyüməsi üçün onlara iqtisadi güc verməliyik.

- Ümumiyyətlə, necə düşünürsünüz, ailədəki digər problemlər nədən qaynaqlanır?

- Bu gün cəmiyyətdə böyük əksəriyyət qadını qınayır. Lakin kimsə düşünmür ki, bəs kişi nə edir? Mənim düşüncəmdə isə kişi də məişətdə qadınla bərabər hüquqa malikdir. O işdən qayıtdıqdan sonra evdə müəyyən işlərə görə həyat yoldaşına kömək etməlidir. Düşünün, işləyən qadın evə qayıtdıqda evin, övladının, həyat yoldaşının, əgər birgə yaşayırsa, bu zaman qaynana, qaynatasının qayğılarını qarşılamaq məcburiyyətində qalır, bütün bunların qarşılığında isə həyat yoldaşı divanda oturaraq hansısa kanalı izləyir. Bütün bunların müqabilində qadın səhər tezdən övladlarını məktəbə hazırlayır, onları yedirdir, stolun üzərində olan qabları yuyur, uşaqları məktəbə aparır və yenidən məktəbdən gətirir. Bu rejim hər gün təkrarlanır. İşdən gələn qadın evdə də işlədiyi halda kişinin divanda uzanaraq kino, yaxud da televiziyada nəyəsə baxmasının səbəbi onun yorulması, bütün günü işləməsi ilə izah olunur. Məncə hər şey ailədən başlamalıdır. Məsələn, mənim oğlum yeməyini yedikdən sonra bulaşıq qabını "moyka"ya qoyur, stolunu özü yığışdırır. Dostlarım isə deyir ki, sən oğlan uşağını niyə belə böyüdürsən? Ümumiyyətlə, bu yanlış düşüncədir ki, evdəki bütün işlər yalnız qadının öhdəliyində, onun çiyinləri üzərində olmalıdır. Ailədəki bütün işlər ər və arvadın ümumi öhdəlikləri və işidir.

- Sizin ailənizdə necədir?

- Bizim ailəmizdə vəziyyət fərqlidir. Həyat yoldaşımın bir biznesi var, mən isə İsveçrə səfirliyində çalışıram. Həyat yoldaşımla müqayisədə daha çox qazanıram. Bizim aramızda razılığımız var: əgər mən işdə o isə evdədirsə, bu zaman o xörəyi bişirəcək, mən bulaşıq qabları yuyacağam. Yaxud əksinə: o işdə, mən evdə olsam, xörəyi bişirəcəyəm. Belə olan halda qabları həyat yoldaşım yuyacaq. Oğlumuz da bunu görür və başa düşür ki, evdəki işlər yalnız qadının işi deyil. Biz övladımızı gələcək üçün müstəqil böyüdürük. Yemək bişirmək özü bir həyat bilgisidir. O cümlədən üzmək, velosiped sürmək də həyat bilgisidir. Ona görə biz övladımıza üzməyi, velosiped sürməyi və bu kimi digər həyat bilgilərini aşılayırıq. Baxın hər il nə qədər uşaq dənizdə boğularaq ölür. Çünki onlara həyat bilgiləri aşılanmır, bu uşaqlar üzə bilmədiyi üçün boğularaq ölürlər.

- Ailədə qadına qarşı ilk zorakılıq bəzən elə ana bətnində ikən başlayır, desək yanılmarıq. Yəni selektiv abortlar bu gün hələ də qalmadadır.

Artıq əcnəbilər də həyəcan təbili çalır - Azərbaycan bu gedişatın qarşısını almalıdır

- Bu gün Bakıda istənilən məktəbə girdikdə sinifdə oğlanların qızlarla müqayisədə sayca üstünlük təşkil etdiyini görə bilərsiniz. Bu çox acınacaqlı və narahatedici bir haldır. Bu hal davam edərsə, o zaman yaxın gələcəkdə Azərbaycanda 117 oğlana 100 qız düşəcək. Hələ də bir suala cavab tapa bilmirəm: nə üçün ailələr qız deyil, daha çox oğlan övladına sahib olmaq istəyirlər? Heç kəsin cinsiyyətinə görə uşaqdan imtina etmək haqqı olmasa da, təəssüflər olsun ki, dünyaya gəlməyə hazırlaşan sağlam döl ailələr tərəfindən elə ana bətnində ikən məhv edilir. Düşünmürəm ki, bu vəziyyət bütün dünyada belədir. Spesifik ölkələr var ki, orada selektiv abortlar var.

- Bu halın qarşısını almaq üçün nə edilməlidir?

- Düşünürəm ki, bu halın qarşısını almaq üçün kütləvi etiraz olmalıdır. Çünki sağlam embrionu cinsə görə öldürmək dəhşətdir. Buna "Stop" deməyin zamanı gəlib. Kütləvi etiraz olarsa, o zaman hər bir ailə doğulan qız övladlarına dəyərli bir varlıq kimi baxacaq. Amma təəssüflər olsun ki, hələ də bəzi valideynlər deyir ki, qız övladlarını ona görə yatırım ki, çünki o sabaha ailə həyatı quracaq, yəni ondan ayrı olacaq. Çünki qadına daşına bilən bir əşya kimi baxılır.

- Artıq neçə ildir ki, Bakıdasız?

- Bura gələndə 36 yaşında idim, 4 ildir ki, Azərbaycanda yaşayıram. Mən burada yaşamağa, işləməyə başlayanda iqtisadi vəziyyət çox gərgin idi. Xatırlayırsınızsa, 2015-ci ildə Azərbaycanda 2 devalvasiya baş vermişdi. O zamanlar burada atmosfer çox fərqli idi. İşsizliyin olması, manatın dəyərinin ölməsi insanlarda böyük stressə səbəb olmuşdu. Azərbaycanda əsas problem bilirsiniz nədir? Əsas iş yerlərinin, bütün iqtisadi fəallığın məhz Bakıda cəmləşməsi çox böyük problemdir. Bakı ilə regionlar arasında əlaqələrin yaradılması çox mürəkkəbdir.

- Təəssüratlarınız necədir?

- Burada hər kəs istiqanlıdır, danışıb, deyib-gülür, hər zaman bizə xoş gəlmisiniz, deyirlər. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqazın ən istiqanlı ölkəsidir.