Ukraynanın baş naziri istefa verib

Bir müddət öncə Ukrayna liderinin saytında yaradılmış elektron petisiyanın müəllifləri Qonçarukun işə yararsızlığı səbəbindən vəzifəsindən kənarlaşdırılmasını tələb ediblər
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Ukraynanın Baş Naziri Aleksey Qonçaruk istefa ərizəsini ölkə prezidentinə təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Facebook" paylaşımında bildirib.

"Mən vəzifəyə prezidentin proqramını yerinə yetirmək üçün gəlmişdim. O, mənim üçün açıqlıq və ləyaqətlilik nümunəsidir. Ancaq prezidentə olan hörmətimizi və inamımızı şübhə altına atmamaq üçün ərizəmi yazdım ... və onu parlamentə təqdim etmək hüququ ilə prezidentə təhvil verdim", - Qonçaruk yazıb.

Bir müddət öncə Ukrayna liderinin saytında yaradılmış elektron petisiyanın müəllifləri Qonçarukun işə yararsızlığı səbəbindən vəzifəsindən kənarlaşdırılmasını tələb ediblər.

Bu, Qonçarukun nazirlər və bəzi idarə rəhbərləri ilə dekabrda baş tutmuş qeyri-rəsmi görüşündən səs yazılarının "YouTube" şəbəkəsində "Prezidenti necə aldatmaq olar?" başlığı altında yayımlanmasından sonra baş verib.

Səs yazılarında Prezident Vladimir Zelenski haqqında xoşagəlməz ifadələri eşitmək olar, yazıların birində isə verilmiş şərhdə Ukrayna lideri "kütbeyinli" adlandırılır.

Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti bu yazıların həqiqiliyinə dair məlumatın olmadığını bildirib.