CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pul üçün öldürdüyümüz torpaq - diriltsək də, üstündə yaşaya bilməyəcəyik - FOTO

Bakının Binəqədi rayonunda elə ərazilər var ki, orada neft çıxarılmır. Amma torpaq rekultivasiya olunmadığından, belə ərazilər istifadəsiz qalıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Paytaxtda neftlə çirklənmiş torpaqların rekultivasiyası proqramı uzun illərdir ki, həyata keçirilsə də, hələ də Bakı və Abşeronun bir sıra ərazilərində neftlə çirklənmiş ərazilər qalmaqdadır. Bu məsələ ilə bağlı mediaya məlumat verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, indiyə qədər SOCAR-ın müəssisə və təşkilatlarının balansında olan 2000 hektardan artıq ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb. Amma Bakı və Abşeron yarımadasında hələ də neftlə çirklənmiş ərazilər qalmaqdadır.

Sputnik Azərbaycan-ın araşdırması zamanı məlum olub ki, belə torpaqlar Bakının Sabunçu və Binəqədi rayonu ərazilərində də var. Binəqədidə elə ərazilər var ki, orada neft çıxarılmır. Amma torpaq rekultivasiya olunmadığından belə ərazilər istifadəsiz qalıb. Onların çoxu saziş ərazisinə düşdüyündən belə torpaqlarda ev tikməyə, bağ salmağa icazə verilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, həmin ərazilərin çoxu sakinlərin yaşadığı evlərə yaxın yerləşir. Məsələn, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində hektarlarla belə ərazi var. Onlardan biri də qəsəbə ərazisində 3-cü Mədən kimi tanınan ünvandır.

Pul üçün öldürdüyümüz torpaq - diriltsək də, üstündə yaşaya bilməyəcəyik - FOTO

Sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, həmin torpaqlar neftdən təmizlənmədiyindən kəskin mazut iyi ətrafı bürüyür. 3-cü Mədən ərazisində yaşayan Bünyad Kərimov deyir ki, neftlə çirklənmiş ərazilərin təmizlənməməsi onların səhhətinə mənfi təsir edir:

"Binəqədi ərazisində belə torpaqlar çoxdur. Yaxşı olardı ki, belə torpaqlar neftdən təmizlənsin. Çünki neftlə çirklənmiş ərazilərdə radiasiya fonu yüksək olur. Mədən ərazilərində isə uşaqlar böyüyür. Böyüklər bir tərəfə, radiasiya bu torpaqlarda doğulan uşaqların səhhətinə təsirsiz ötüşmür. Ona görə də biz arzulayırıq ki, neftlə çirklənmiş ərazilər təmizlənərək yerində yaşıllıqlar salınsın".

Qeyd edək ki, neftlə çirklənmiş ərazilər rekultivasiya edildikdən sonra həmin torpaqlarda əsasən park və yaşıllıqlar salınır.

Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, neftlə çirklənmiş ərazilərin təmizlənməsi prosesi davam etdirilir. O deyib ki, Bibiheybət qəsəbəsi ərazisində torpaqların neftdən təmizlənməsi prosesi aparılıb. Həmin ərazinin bir hissəsi Neft-Qaz Çıxartma İdarələrinin (NQÇİ) ərasizindədir. Amma həmin torpaqlar təmizlənmiş vəziyyətdədir. Digər hissəsi isə Bulvar İdarəsinə aiddir. Suraxanı, Binəqədi rayonları ərazisində hələ də 100 ildən çox istismarda olan yataqlar var. Bu ərazilərin də tədricən təmizlənməsi nəzərdə tutulur. Amma o torpaqlar təmizlənsə belə, başqa profil üzrə istifadə edilməyəcək. Bibiheybət yatağının bir hissəsi bulvar ərazisinə təhvil verildiyi kimi, belə torpaqların təyinatı dəyişə bilər. Ola bilər ki, neftdən təmizlənmiş ərazilər SOCAR-ın balansından çıxardılaraq ictimai istifadə üçün obyektlər inşa edilsin".

Pul üçün öldürdüyümüz torpaq - diriltsək də, üstündə yaşaya bilməyəcəyik - FOTO

İ.Əhmədov deyir ki, belə torpaqların təmizlənməsi müxtəlif üsullarla aparılır: "Əsasən torpağın üst layı neftdən təmizlənir. Neftlə çirklənmiş torpaqların yüz metr dərinliyində təmizlənməsi mümkün deyil. Bundan sonra belə ərazilərdə əsasən ağaclar əkilir. Ərazinin ekosistemi tədricən normallaşır".

SOCAR səlahiyyətlisi deyir ki, yataqların istehsal gücü zəiflədikcə neftçıxardan mancanaqlar ləğv edilir. İ.Əhmədovun sözlərinə görə, SOCAR neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planına əsasən, "Azneft" İstehsalat Birliyinin (İB) neft və qazçıxarma idarələrinin (NQÇİ) mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələrinin həyata keçirilməsi işlərini ardıcıl olaraq davam etdirir. O, neftlə çirklənmiş ərazilərin təmizləndikdən sonra da yaşayış binalarının inşası üçün məsləhət görülmədiyini bildirib.

Qeyd edək ki, torpaqda neftlə çirklənmə 5-7%-dən artıq olduqda mexaniki rekultivasiya işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin həyata keçirilməsi məsləhət görülür.

Ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda neftlə çirklənmiş ərazilərin təmizlənməsi prosesi sürətləndirilməlidir. Ekoloq həmçinin neftlə çirklənmiş ərazilərin rekultivasiya prosesindən sonra həmin torpaqlarda yaşayış binalarının inşasının yolverilməz olduğunu söyləyir. T.Zeynalov deyir ki, neftlə çirklənmiş ərazilər təmizləndikdən sonra bir neçə il şumlanmalıdır ki, torpaq “nəfəs” alsın:

“Təmizlənmiş ərazilərdə torpaqların münbitliyinin təmin olunması, eləcə də atmosferin və suyun təmizlənməsi üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir. Məsələn, həmin ərazilərdə yaşıllıq salınmalıdır. Bu yolla müəyyən müddətdən sonra torpaq, su və hava təmizlənmə prosesini təmin edə biləcək. Neftlə çirklənmiş ərazilərdə yaşayış binalarının inşası insan səhhəti üçün zərərlidir. Çünki həmin ərazilər radon qazı və digər zəhərli komponentlərlə zəngindir. Həmin binaların zirzəmiləri, birinci mərtəbələrinə bu zərərli qazlar dolur. Bu isə həmin binalarda yaşayan insanların sağlamlığına mənfi təsir göstərir".

T.Zeynalov həmçinin neftlə çirklənmiş torpaqların ən azı 60 sm dərinlikdə təmizlənməli olduğunu bildirib. Onun sözlərinə görə, torpaq qatının təmizlənməsi o qədər də fayda vermir: “Tərkibində daha az neft olan torpaqların təmizlənməsi üçün azot gübrəsindən istifadə olunur. Ancaq torpağın tərkibindəki neft 4-5 metrdən daha çox nüfuz edibsə, bu zaman başqa texnologiyalardan istifadə etmək lazımdır. Bunun üçün də bizdə yetərli qədər imkan var”.