İran ABŞ əsgərlərini vurub - Mərkəzi Komandanlıq etiraf etdi

Bir müddət öncə "Defense One" nəşri yazıb ki, yanvarın 8-də endirilmiş zərbələr nəticəsində 11 nəfər kəllə-beyin xəsarətləri şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 17 yanvar — Sputnik. ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) etiraf edib ki, İranın İraqdakı Amerika bazalarını atəşə tutması nəticəsində 11 hərbçisi xəsarət alıb.

İran ABŞ bazalarına raket zərbəsinin yeni görüntülərini yayımladı – VİDEO

Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə "CENTCOM" rəsmisi, kapitan Bill Erban deyib.

"Bu hərbçilərin xidmət üçün yararlı hesab edildikləri zaman İraqa qayıdacaqları gözlənilir", - Erban agentliyə bildirib.

Bir müddət öncə "Defense One" nəşri yazıb ki, yanvarın 8-də endirilmiş zərbələr nəticəsində 11 nəfər kəllə-beyin xəsarətləri şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Amerikanın Küveytdə və Almaniyada yerləşən hərbi hospitallarına təxliyə olunublar.

Xatırladaq ki, Birləşmiş Ştatların İraqda keçirdiyi əməliyyatda iranlı general Qasım Süleymanini öldürməsinə cavab olaraq İran qonşu İraq ərazisində yerləşən Amerika bazalarına raket zərbələri endirib.

Bir müddət öncə Vaşinqton zərbələr nəticəsində xəsarət alanların sırasında amerikalı hərbçilərin olmadığını bəyan edib.