On minlərlə insanın həsrətlə gözlədikləri yolun bəxti nə vaxt açılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hövsan-Zığ yolunun təmiri və tikintisi üçün hökumətin əlavə vəsait ayırmasını gözləyir
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Zığ-Hövsan yolunun təmirinə hələ 2015-ci ildən başlanılıb. Əvvəllər bu yol həddən artıq acınacaqlı vəziyyətdə olub. Qəsəbə böyüdükcə, əhalinin sayı artdıqca, yolun kələ-kötür olması, bərbad vəziyyətə düşməsi sakinlər arasında haqlı narazılıq doğurub.  

Sonradan Zığ-Hövsan yolunun təmir edilməsi üçün vəsait ayrılıb və yolun təmirinə başlanıb. Ancaq təmir işləri yarıda dayandırılıb. Gözə görünən isə yolun təmir edilmiş kiçik bir hissəsi və iki yarımçıq piyada keçidi olub. Aradan bir müddət keçəndən sonra yenidən bu iş üçün vəsait ayrılıb. Fəqət bu dəfə də işlər yarımçıq saxlanılıb.

On minlərlə insanın həsrətlə gözlədikləri yolun bəxti nə vaxt açılacaq

İş o yerə çatıb ki, Hövsan qəsəbəsinin sakinləri yolun bu acınacaqlı taleyini mifik qüvvələrlə əlaqələndirməyə başlayıblar. "Nəsə, bu yolun işi düyünə düşüb. Nə sirdirsə, Hövsan yolu heç vaxt tikilib başa çatdırılmır, həmişə bir bəhanə ilə yarımçıq qoyulur" - deyə sakinlər gileylənirlər. Yarıtəmirli yol təkcə sürücülər üçün deyil, eyni zamanda piyadalar üçün də problem yaradır. Rəsmilər isə deyirlər ki, beş ildir bəxti açılmayan həmin yolun tikintisi əlavə maliyyə vəsaiti ayrılmadığı üçün yarımçıq qalıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Hövsan yolunun 1 kilometr hissəsi 2015-ci ildə təmir edilib.

On minlərlə insanın həsrətlə gözlədikləri yolun bəxti nə vaxt açılacaq

2017-ci ildə də bir hissəsi təmir olunub. Amma 2018-2019-cu illərdə maliyyə ayrılmadığı üçün yolun tikintisi yarıda saxlanılıb. Nəcəflinin sözlərinə görə, yolun geri qalan hissəsinin təmirinə maliyyə ayrılması üçün hökumətə müraciət edilib. Vəsait ayrıldıqdan sonra yolun tikintisi davam etdiriləcək. 

Xatırladaq ki, hələ 2016-cı ildə əsaslı yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemlərinin qurulması nəzərdə tutulub. Layihədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcəkdi. Onlardan ikisi artıq yarımtikili vəziyyətdədir. Həmçinin müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətinə mane olmadan, dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub.

Hələlik bu işlərin hamısı yarımçıq vəziyyətdə müvafiq maliyyənin ayrılmasını gözləyir.

Prezident İlham Əliyev 2019-cu ilin oktyabrında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova qəsəbədaxili yolların, Bakıətrafı qəsəbələrin yollarının da abadlaşdırılması barədə göstəriş verdiyini xatırladıb. "Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır", - deyə prezident Saleh Məmmədova bildirib.