İQTİSADİYYAT

Daşınmaz əmlakın icbari sığortası barədə məlumat veriləcək

"Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı" təsdiq edilib
Sputnik

BAKI, 17 yanvar — Sputnik. Sığorta fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı"nda əksini tapıb.

Tədbirlər Planına görə, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək sığorta fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə çıxışında deyib: "Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir".