CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA sədri belə hərəkətləri "cinayət" adlandırdı

"Hər hansı bir şəxs, cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var?"
Sputnik

BAKI, 17 yanvar — Sputnik. AQTA sədri "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətinin mağazasında aşkarlanan 12 ton saxta yağ aşkarlanmasına münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, AQTA sədri Qoşqar Təhməzli ötəngünkü hadisəni cinayət faktı adlandırıb: "Hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olurlar. Yoxlama zamanı marketlərdə "Belorusskaya Korova" əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Bildirirəm ki, həmin əmtəə nişanı altında, ümumiyyətlə, kərə yağı yoxdur. Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar".

Sədr "Bizim Market"in Qida Təhlükəsizliyi Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olması məsələsinə isə belə aydınlıq gətirib: "Market bu məsələdə AQTA-nı günahlandıra bilməz. Çünki hər hansı bir şəxs, cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsulları barədə məlumat veririk. Ticarət şəbəkələri bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı "Bizim Market"i günahlandırmamışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayətkar dəstə iştirak edib, digər şirkətin əmtəə nişanını oğurlayıb və saxtalaşdırıb".