BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin etik kodeksi ictimaiyyətə təqdim olunub. 10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb.
Assosiasiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri o cümlədən turistlər üçün nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb. Bundan başqa, turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb. Rüfət Hacıyev, eyni zamanda turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacağını da diqqətə çatdırıb. O bildirib ki, tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək.
Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid də iştirak edib. Azərbaycana səfər edən turistlərə düzgün və keyfiyyətli xidmət göstərilməsinin vacibliyinə toxunan Florian Zenqsşmit bu sahədə mövcud olan bəzi problemlərin həllində etik kodeksdən istifadənin fayda verəcəyini deyib. O bütün turizm iştirakçılarına bu kodeksdən yararlanmağı tövsiyə edib. Sonda Rüfət Hacıyev Azərbaycanın turizm bazarında fəaliyyət göstərən subyektlərə müraciət edərək öz fəaliyyətlərində ölkənin ümumi turizm maraqlarına xidmət edən bu etik normaları nəzərə almağa çağırıb. Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə üzvlük sertifikatları da təqdim olunub.