Hamilələr üçün giriş qadağandır! Turist "təhqiredici" testdən keçməyə məcbur oldu

Çinli səyahətçilər Şimali Marian adalarını viza olmadan ziyarət edə bilərlər və bu adalara adətən dünyaya uşaq gətirmək üçün gedirlər, çünki orada doğulmuş uşaqlar avtomatik olaraq Amerika vətəndaşı olurlar
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Şimali Marian adalarının paytaxtı Saypanda yaşayan valideynlərinə baş çəkmək üçün yola düşmüş yaponiyalı turist Midori Nasida uçuşdan əvvəl hamiləlik testindən keçməyə məcbur edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazır.

Gündəmi zəbt etmiş alman turist: "Bakı məndə çox böyük təəssürat yaratdı"

Test zamanı Nasidanın hamilə olmadığı aşkar ediləndən sonra onun təyyarəyə buraxılmasına icazə verilib. Səyahətçinin sözlərinə görə, bu, onun üçün çox təhqiredici olub.

Aviaşirkət bu addımını immiqrasiya qanunlarına riayət olunması üçün atdığını deyib.

Məsələ bundadır ki, Sakit okeanda yerləşən Şimali Marian adaları sərbəst birlik çərçivəsində Amerika Birləşmiş Ştatlarının tərkib hissəsinə daxildir. Çinli səyahətçilər Şimali Marian adalarını viza olmadan ziyarət edə bilərlər və bu adalara adətən dünyaya uşaq gətirmək üçün gedirlər, çünki orada doğulmuş uşaqlar avtomatik olaraq Amerika vətəndaşı olur. 2018-ci ildə Saypanda yerli sakinlərdən daha çox əcnəbilər doğulub.

Hamilə turistlərə ABŞ-a daxil olmaq qadağan edilmir. Lakin səyahətin məqsədi haqqında turistin yalan danışdığı aşkar edilərsə, viza verməkdən imtina edilə bilər.

"Hamiləlik testindən keçməyim lazım olduğunu mənə bildirdikləri zaman pərt oldum. Əvvəllər heç vaxt aviaşirkətin bu cür siyasəti ilə qarşılaşmamışdım", - Midori bildirib.

Onun sözlərinə görə, anket ona təqdim edilərkən şübhələrin onun asiyalı görünüşünə əsaslandığını başa düşüb.

Aviaşirkət bu təcrübənin səbəb olduğu problemləri etiraf edib və hələlik bu cür yoxlamaları dayandırıb.