CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şöbə rəisindən obyekt sahiblərinə: "Yanğın da müqaviləyə daxildir"

Bilməlidirlər ki, sığorta hadisəsi baş verərsə, daşınmaz əmlaklarına dəyən ziyan sığorta müqaviləsi bağladıqları şirkət tərəfindən onlara ödəniləcəkdir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Bəşəriyyət tarixində insanlar bir çox təbii fəlakətlər, zəlzələ, subasma, digər təbii və texnogen hadisələr, o cümlədən yanğınla da vaxtaşırı olaraq üzləşiblər. Heç şübhəsiz, baş verən bu cür gözlənilməz hadisələr çoxsaylı ağır fəsadlar törədib, tələfat və dağıntılara səbəb olub. Bütün bunlar mülkiyyət formasından asılı olmayaraq insanlara külli miqdarda maddi və mənəvi zərər vurub. Yaxın keçmişdə iri ticarət müəssisələrində baş vermiş yanğın hadisələri də bir daha bunu sübüt etdi".

Qanun məcbur etsə də, "Sədərək"lə "Binə"yə yaxın duran yoxdur: 200 manat azdır?

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev açıqlamasında bildirib.

O qeyd edib ki, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət etməklə, yanğın hadisəsinin baş vermə ehtimalını minimuma endirmək olar, təəssüf ki, tamamilə baş verməməsini istisna etmək mümkün deyildir. Bu səbəbdən dövlətimiz sahibkarların mənafeyini, iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə "İcbari Sığortalar haqqında" Qanununu tətbiq edib və daşınmaz əmlakda yanğın baş verəcəyi təqdirdə yanğından dəyə biləcək maddi zərərin ödənilməsi prinsiplərini Qanunun əsas vəzifələrindən biri olaraq müəyyən edib.

E.Babayev vurğulayıb ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə "İnzibati Xətalar Məcəlləsi"nin 469 maddəsində inzibati məsuliyyət nəzərdə tutulub, lakin vətəndaşlarımız inzibati cəzadan çəkinərək daşınmaz əmlaklarını sığorta etdirmək düşüncəsi ilə deyil, sığortanın faydasını dərk edərək əmlaklarını sığorta etdirməlidirlər. Bilməlidirlər ki, sığorta hadisəsi baş verərsə, daşınmaz əmlaklarına dəyən ziyan sığorta müqaviləsi bağladıqları şirkət tərəfindən onlara ödəniləcəkdir.