BAKI, 15 yanvar — Sputnik. ABŞ-ın "Delta Air Lines" aviaşirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsinin yanacağını Los-Anceles yaxınlığındakı bir neçə məktəbin ərazisinə boşaltmasından sonra 60 nəfərin tibbi yardıma ehtiyacı olub.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "CNN" telekanalı yayıb.
Los-Anceles dairəsinin yanğından mühafizə idarəsinin müfəttişi Şon Ferqüson hadisənin günortadan sonra baş verdiyini deyib. Söhbət ümumilikdə beş ibtidai və bir orta məktəbdən gedir.
Telekanalın məlumatına görə, xəsarət alanlardan heç birini xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb.
Los-Ancelesin təhsil idarəsi (LAUSD) "Twitter" səhifəsində bildirib ki, reaktiv yanacağın boşaldılması təyyarənin təcili enişi zamanı baş verib.
"CNN"in məlumatına görə, sözügedən "Boeing 777-200" sərnişin təyyarəsi Şanxaya uçurmuş və təyyarə mühərrikində olan problemlər üzündən Los-Ancelesə qayıtmaq məcburiyyətində qalıb.