ABŞ "xəyali düşmən" yaradır – hərbi ekspert İrandakı vəziyyət barədə

ABŞ prezidenti İran polisinin guya Tehranda etirazçılara atəş açdığını bəyan edib. Tehranda isə bu iddianı təkzib ediblər. Hərbi ekspert Aleksey Podberezkin Sputnik radiosunun efirində hazırda İranda müşahidə olunan vəziyyəti şərh edib.
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Polis Tehranda nümayişçilərə atəş açmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tehranın polis rəisi Hüseyn Rahimi İran telekanallarından birinin efirində deyib.

Tramp əsəbiləşdi: "İranın hansı addım atacağı məni narahat etmir"

"Etiraz aksiyaları zamanı paytaxt polisi bir dəfə də olsun atəş açmayıb, çünki polis əməkdaşlarına təmkinli olmaq tapşırığı verilmişdi", ‒ Rahimi bildirib.

Tehran polisi bu bəyanatı ilə sosial şəbəkələrdə yayılan məlumatlara, eləcə də ABŞ Prezidenti Donald Trampın iddialarına cavab verib. Xatırladaq ki, Tramp bir müddət öncə "Twitter" paylaşımında İran hökumətini "gözəl İran xalqını öldürməyi dayandırmağa" çağırıb.

Şənbə günü Tramp iranlı etirazçılara dəstək əlaməti olaraq "Twitter"də onlara fars dilində müraciət paylaşıb. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi isə Trampa cavabında bildirib ki, "murdar dillər" fars dilini "rüsvay etmək" hüququna malik deyillər.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru Aleksey Podberezkin Sputnik radiosunun efirində bildirib ki, ABŞ hazırda İran cəmiyyətini parçalamaq üçün bütün vasitələrdən istifadə edir.

"Hesab edirəm ki, amerikalılar tərəfindən İranda yalnız sosial şəbəkələr istifadə edilmir. Fikrimcə, hazırda onlar bu "beşinci kolon" və ya başqa adı ilə "xəyali düşmən" mexanizmindən istifadə edirlər ki, həm sosial şəbəkələr, həm də gizli qruplar vasitəsilə İranda qeyri-sabitlik vəziyyətini yaratsınlar. Əslində, Amerika Birləşmiş Ştatları düşmən elan etdiyi istənilən ölkədə belə bir vəzifə yaradır. Məsələ bunun nə qədər uğurlu olacağındadır. Mənə elə gəlir ki, İranda bunu etmək çətin olacaq ‒ İran cəmiyyəti kifayət qədər monolitdir, orada milli dəyərlər sistemi çox güclüdür. Buna görə də amerikalılar üçün çətin olacaq, düşünürəm ki, onlarda heç nə alınmayacaq", ‒ Podberezkin bildirib.

İran Ukrayna təyyarəsini niyə vurdu – politoloq danışır

Şənbə günü yüzlərlə tələbə Tehrandakı Əmir Kəbir Universitetinin binası qarşısında toplaşaraq Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olanların xatirəsini yad ediblər. "Fars" agentliyi xəbər verir ki, aksiya sonradan mitinqə çevrilib və iştirakçıları polis dağıtmağa başlayıb. Həmçinin bildirilir ki, aksiya iştirakçıları ABŞ-ın raket zərbəsi nəticəsində Bağdadda öldürülmüş İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin portretini cırıblar.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737-800" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisə zamanı təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin yanvarın 11-də İran sözügedən sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də tvitlərində bunu təsdiqləyiblər.