Everest yaşıllaşır

Bitki örtüyünün artmasının su balansına necə təsir edəcəyi isə sual altındadır. Himalay dağlarının subnival zonaları Asiyanın 10 iri çayını qidalandırır
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Böyük Britaniyanın Ekseter Universitetinin alimləri Himalayda, xüsusilə də Everestdə bitki örtüyünün genişləndiyini aşkarlayıblar. Daim qar örtüyü olmayan ərazilər getdikcə yaşıllaşır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Phys.org yazıb.

Alimlər peyk məlumatlarının köməyilə 1993-cü ildən 2018-ci ilədək olan dövrdə hündür olmayan (ot və kollar) bitkilərin yayılma ərazilərini öyrəniblər.

​Məlum olub ki, dəniz səviyyəsindən 4150-dən 6000 m-dək hündürlüyü olan dörd müxtəlif yüksəklikdə bitkilər xeyli yayılmağa başlayıb. Maraqlıdır ki, ən çox dəyişikliyə dəniz səviyyəsindən 5000-5500 m hündür olan ərazilər məruz qalıb.

Alınan məlumatlar alimlərə bitkilərin böyüməsinə imkan verməyən aşağı temperaturlu ərazilərin getdikcə azalmasını qlobal istiləşmə modeli ilə bağlamağa əsas verib. 

​Başqa araşdırmaların nəticələri isə 2000-ci ildən 2016-cı ilədək dövrdə buzlaqların sahəsinin iki dəfə azaldığını göstərib. Eyni zamanda subnival (daimi olmayan qar örtüklü ərazi) sistemlərin getdikcə daha çox sahəni əhatə etdiyi bildirilir. Bitki örtüyünün artmasının su balansına necə təsir edəcəyi isə sual altındadır. Himalay dağlarının subnival zonaları Asiyanın 10 iri çayını qidalandırır.