Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 13 yanvar — Sputnik. 2 və 20 fevral 2020-ci il tarixlərində Azərbaycanda əsl doğum bumu yaşanacaq. Bu barədə həyəcan təbilini respublikanın baş reanimatoloq-neonatoloqu Rüstəm Hüseynov peyğəmbərlik edərək deyil, öz təcrübəsinə əsasən çalıb.
Onun sözlərinə görə, valideynlər tez-tez qabaqcadan öz uşaqlarının doğumu üçün gözəl tarixləri seçirlər. Özlərinə lazım olan günləri seçən valideynləri mama-ginekoloqlar qeysəriyyə əməliyyatı edirlər və nəticədə dünyaya yarımçıq uşaqlar gəlir.
"Azərbaycanda çox pis tendensiya izlənilir. Telefonlar və maşınlar üçün necə dəbdəbəli nömrələr seçirlərsə, eyni yolla uşaqları üçün də yaddaqalan doğum tarixləri seçirlər. Mən 2 fevral 2020-ci il tarixini həyəcanla gözləyirəm. Bu gün dəbdəbəli doğum tarixini - 02.02.2020 - seçmək bütün valideynlər üçün prioritet olacaq. Belə tendensiya ilə ancaq bizim Bakıda qarşılaşmaq mümkündür", - deyən Hüseynov həyəcanla fevral ayının gəlişini gözləyir.
Vaxtından əvvəl doğulmuş körpələr həmişə yetkin doğulmurlar. Planlı əməliyyatlar doğuşun başlanmasından xeyli qabaq aparılır. Bunun üçün bir sıra tibbi göstərişlər var. Hətta planlaşdırılmış əməliyyatlar belə maksimum doğuşa yaxın tarixlərdə həyata keçirilməlidir.
"Əgər valideynlərin seçimi üzərində dayanılsa, qeysəriyyə əməliyyatı daha tez aparılmalıdır, bu da ki, uşaqların vəziyyətinə mənfi təsir göstərir. 38-39 həftədən tez doğulan uşaqların İQ səviyyəsi vaxtında doğulan uşaqlarınkından 6% aşağı olur. Yəni bu, insanların intellektual imkanlarına ciddi təsir göstərir. Öz yaşıdlarından 6% aşağı İQ kifayət qədər əhəmiyyətli fərqdir.", - deyə həkim bildirib.
Və bu hamısı deyil. Vaxtından əvvəl anadan olmuş uşaqlarda bir sıra xəstəliklər də meydana gəlir. Tez-tez həkimlər belə uşaqlarda ən çox tənəffüs sistemi problemləri ilə üzləşirlər.
Bununla əlaqədar Hüseynov bütün mama-ginekoloqlara və valideynlərə müraciət edərək tibbi protokollara riayət olunmasını tövsiyə edib.
Bununla yanaşı, məşhur numeroloq Xəyal Məmmədov "2 fevral 2020-ci il" tarixi ilə bağlı miflərin arxasınca qaçmağı heç kəsə tövsiyə etmir. Onun sözlərinə görə, bu gün doğulan insanlar tənhalığa və qeyri-sabit şəxsi həyata məhkumdurlar.
"Doğum tarixindəki oxşar rəqəmlərin sayı bir insanın xoşbəxt həyatının və müvəffəqiyyətinin zəmanəti deyil. 02.02.2020 dəbdəbəli tarixinin özü də həmçinin. Uşağın doğum tarixində təkrarlanan hər bir iki onu neqativə kökləyə bilər", - deyən numeroloq hesab edir ki, bu, elə də yaxşı tarix deyil.
"Artıq mənə bu tarixə doğuş planlaşdıran xeyli adam müraciət edib. Mən isə onlara qətiyyətlə etiraz etdim, çünki doğum tarixində "iki" rəqəminin izafi dərəcədə olması və başqa rəqəmlərin olmaması düzgün deyil. Doğum tarixindəki rəqəmlərin sayı nə qədər çox olsa, insan üçün bir o qədər yaxşıdır", - deyə Məmmədov bildirib.
O, həmçinin əlavə edib ki, gözəl tarixlər və dəbdəbəli nömrələr seçmək tendensiyası yalnız Azərbaycanda müşahidə edilir.