BAKI, 13 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, onu İranın danışıqlara gedib-getməyəcəyi narahat etmir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
"Milli təhlükəsizik üzrə müşavir bildirdi ki, sanksiyalar və etirazlar İranı "sıxışdırır" və onu danışıqlara getməyə məcbur edəcək. Əslində onların danışıqlara gedib-getməyəcəyi məni narahat etmir. Bu tamamilə onlardan asılı olacaq, lakin heç bir nüvə silahı olmayacaq və "öz etiraz edənlərinizi öldürməyin", - deyə Tramp "Twitter"-də yazıb.
Bir neçə saat sonra Trampın "Twitter" səhifəsində bu yazı fars dilində dərc olunub.
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert O Brayeni "Fox News" telekanalının efirində bəyan edib ki, hazırda İran maksimal şəkildə təzyiq altındadır və danışqılar masasında oturmağa məcbur olacaq.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.
Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsi "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.