Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 yanvar — Sputnik. Hindistan səfirliyi xəbər saytlarında və sosial mediada dərc olunmuş Şəhidlər Xiyabanında bəzi şəxslər tərəfindən sərgilənən hörmətsiz davranışlarla bağlı videonu izləyib.
Bu barədə Sputnik Azərbaycan-a Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.
"Səfirlik hər hansı bir şəxs tərəfindən nümayiş olunan bu cür davranışları pisləyir. Səfirlik hazırda bu məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə bir qrup Hindistan vətəndaşının Bakıda Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etməsi ilə bağlı görüntülər yayılıb. Bu hadisə şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilib. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanıb.