BAKI, 13 yanvar — Sputnik. "Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır."
Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib.
O bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər.
V. Əsədovun sözlərinə görə, şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.
"Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər"-deyə o bildiirb.