Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 yanvar — Sputnik. Bakının Səbail rayonunda baş verən yanğın hadisəsində tüstüdən zəhərlənərək ölənlər Qərbi Kaspi Universitetinin tələbələri deyillər. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov məlumat verib.
O bildirib ki, yanğın nəticəsində tüstüdən zəhərlənərək ölən 3 əcnəbi qız universitetdə ingilis dili kurslarında dinləyici olub: "Onlar bizim universitetdə tələbə deyillər. Əcnəbi qızlar kursda ingilis dili öyrənirdilər. Onlardan biri, Jayakodi Arachchige noyabr ayından kursu başa vurub. O, artıq kursda dinləyici deyildi".
Qeyd edək ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Bədbəxt hadisə Xanlar küçəsi 60, mənzil 9 ünvanında baş verib. Tələbə qızlar iki ay imiş ki, həmin mənzildə məskunlaşıblar. Hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyətləri məlum olub. Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.