BAKI, 10 yanvar — Sputnik. İraqın Baş Naziri səlahiyyətlərini icra edən Adel Abd al-Mahdi Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeodan bu ölkənin hərbçilərinin İraqdan çıxarılması üçün mexanizmin hazırlanması üçün nümayəndələr göndərməsini tələb edib. Bunu Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata əsasən, tərəflər arasında telefon danışığı ötən gün, axşam saatlarında baş tutub. Baş Nazir və Dövlət katibi eyni zamanda Yaxın Şərq regionunda son baş verənləri müzakirə ediblər.
İraqın Baş Naziri səlahiyyətlərini icra edən Adel Abd al-Mahdi telefon danışığı zamanı vurğulayıb ki, ölkəsi qonşularla və dost ölkələrlə olan yaxşı əlaqələri saxlamaq istəyir.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.