BAKI, 10 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ehtimal edir ki, İran bu ölkənin İraqdakı bazalarına raket zərbələri endirərkən özü ciddi vurmaq istəməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Donald Tramp "ABC" telekanalına müsahibəsində bildirib.
"Heç kim ölməyib, heç kimə zərər dəyməyib. Onların (raket –red.) sayı 16 olub, onlardan dördü hədəfə dəyməyib. Ola bilsin ki, onlar vurmaq istəməyiblər və ya nəsə baş verib. Heç kim yaralanmayıb. Mən yaxşı mənada təəccübləndim", - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.