BAKI, 9 yanvar — Sputnik. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanvarın 8-də İranda "Boeing 737" təyyarəsinin partlamasının ilkin səbəblərini açıqlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, məlumatda əsas versiyalardan biri kimi, zenit raketi ilə vurulma, terror aktı nəticəsində partlayış və mühərrikin texniki səbəbdən partlaması nəzərdən keçirilir.
Bu arada İran televiziyası Ukrayna təyyarəsinin İrandakı qəza görüntülərini yayıb. Videonu Ukraynanın Obozrevatel portalı paylaşıb.
Yanında təyyarənin düşdüyü binanın təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə güclü işıq seli və səpələnən qırıntılar görünür.
Avtomobil sürücüsünün çəkdiyi başqa bir videoda isə uzaqda səmada alovlanan təyyarə, sonra isə üfüqdə partlayışdan sonra güclü işıq seli görünür.
Yanvarın 8-də İmam Xomeyni adına beynəlxalq hava limanında Ukraynaya məxsus "Boeing 737" təyyarəsi qəzaya uğrayıb. Məlumata görə, təyyarə uçuşdan 2 dəqiqə sonra yerə düşüb. Hadisə zamanı təyyarədə 167 sərnişin və 9 ekipaj üzvü olub.
İmam Xomeyni hava limanının təmsilçisi isə "İRNA" agentliyinə deyib ki, mühərrikdə baş vermiş yanğın təyyarənin düşməsinə səbəb olub.