Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 9 yanvar — Sputnik. Yevlax rayonunun tanınmış Əmək Qəhrəmanı, Qəhrəman Ana, Prezident təqaüdçüsü Şamama Əliyeva dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, Şamama Tanrıverdi qızı Əliyeva 1 may 1938-ci ildə Yevlax rayonunda anadan olub. O, SSRİ dövündə işlədiyi "Kommunist" kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Kolxoz təsərrüfatı dağılandan sonra özü "Çinar" fermer təsərrüfatını yaradaraq əmək fəaliyyətini davam etdirib.
Ş.Əliyeva gün ərzində 280-320 kq pambıq toplamağa nail olub. 1970-ci ildə son beş ilin nəticələrinə görə 43 ton pambıq toplayıb dövlətə təhvil verib. Bu nailiyyətinə görə o, həmin dövrün ali mükafatı olan Lenin ordeni alıb. 1981-ci ildə isə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərararına əsasən, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan SSR Ali Sovetinin deputatı olan Şamama Əliyeva 10 övlad böyüdüb. Qəhrəman ana 82 yaşında dünyasını dəyişib.