BAKI, 9 yanvar — Sputnik, İrina Alksnis. Rusiya və Türkiyə liderləri dekabrın 8-də Serbiya prezidentinin və Bolqarıstan Baş Nazirinin iştirakı ilə “Türk axını” qaz kəmərini rəsmi olaraq işə salıblar.
Günün digər hadisələrini (Tehranın İraqdakı Amerika hərbi bazasına raket zərbələri endirməsini və İranda Ukrayna laynerinin qəzaya uğramasını), həmçinin Yaxın Şərqdəki vəziyyətə görə ümumi qlobal narahatlığı nəzərə alsaq, bu tədbir məlumat gündəmində sadəcə itib-bata bilərdi. Lakin bu belə olmadı və qaz kəmərinin açılış mərasimi Rusiyanın nəinki bölgədə, bütövlükdə dünyada əldə etdiyi yeni yerinin və rolunun simvoluna çevrildi.
Hələ bir neçə ay bundan əvvəl “Türk axını” qaz kəmərinin işə salınmasına dair yazılacaq analitik materialın leytmotivi bəlli idi: “Rusiya yenə bacardı!” Bütün çətinliklərə və rəqiblərin yaratdığı maneələrə baxmayaraq, Rusiya bir daha qarşıya qoyulmuş və bir çoxuna mümkünsüz görünən hədəfə çatdı! Lakin tamamilə doğru olan bu fikir hazırkı hadisələrin fonunda öz aktuallığını xeyli dərəcədə itirib və ortaya başqa bir fikir çıxıb: dünyada sarsıntıların artdığı bir vaxtda Rusiya nizamın, sabitliyin və təhlükəsizliyin dayağına çevrilir.
Rusiya illərlə kollektiv Qərb tərəfindən dünya sisteminə ardıcıl və şüurlu şəkildə xələl gətirən, mövcud nizama meydan oxuyan bir “dönük” kimi qələmə verilib. Bu ittihamın arxasında ikiqat tələ dururdu. Bir tərəfdən mövcud sistemin ən yaxşısı olduğu iddia edilirdi, çünki ona özündə demokratiyanı, vətəndaşların hüquq və azadlıqlarını təcəssüm etdirən parlaq Qərb dünyası başçılıq edirdi. Digər tərəfdən isə mövcud sistemin qüsur və eyiblərinin Moskvanın təşviq etdiyi xaosdan daha yaxşı olduğu ifadə edilirdi. Bəlkə də məhz bu iddia bir çoxlarının beyninə daha çox nüfuz edib.
Artıq 2010-cu illərin ortalarında Qərbin asdığı dünya nizamı pərdəsi düşməyə başladı. Həmin dövrdə hər kəs böhran və deqradasiya proseslərini açıq-aydın şəkildə gördü. Hökumətlərin baş verənlərə reaksiyası isə boşluqların tez bir sürətdə necə gəldi doldurulması xarakterini daşıyırdı. Məsələn, 2015-ci il Avropada miqrasiya böhranı ilə olduğu kimi.
Lakin ümumilikdə, “pis nizamın olması onun tam yoxluğundan yaxşıdır” yanaşması olduqca ədalətli görünürdü və buna görə də Rusiyanın hərəkətləri bir çox qüvvələr arasında, o cümlədən mövcud dünya nizamına o qədər də rəğbət bəsləməyənlər tərəfindən mənfi qarşılanırdı.
Ancaq onsuz da bir ayağı gorda olan sistemin Rusiya tərəfindən silkələnməsi kimi görünən hadisələr əslində yeni təməllərin qurulması prosesi idi.
Beynəlxalq aləmdə, demək olar ki, bütün istiqamətlərdə gərginlik artmaqdadır, ən yaxın tərəfdaşlar arasında belə ziddiyyətlər artır. Yaxın Şərq uzun müddət görmədiyi bir eskalasiya ilə üzləşib və bölgənin, demək olar ki, hər bir ölkəsi hər an partlaya biləcək bu qarmaqarışıq prosesdə iştirakçıdır. Artıq Almaniya, Slovakiya və Xorvatiya xətadan-bəladan uzaq olmaq üçün qoşunlarını İraqdan çıxarmağa başlayıblar. Və bu ölkələrin siyahısı, ehtimal ki, böyüyəcək. Hörmüz körfəzində gəmilərin tranziti dayandırılıb. Bir çox aviaşirkət İran üzərindən uçuşları müvəqqəti olaraq dayandırıb. Ekspertlər artıq Üçüncü Dünya Müharibəsi barədə həyəcan təbili çalırlar. Bazarlarda düşmə müşahidə olunur, neft və qızıl isə bahalaşır.
Bütün bunların fonunda Vladimir Putin bir neçə ay əvvəl planlaşdırıldığı kimi “Türk axını”nı açmaq üçün İstanbula uçdu. Dünyanın qaynadığı bir vaxtda Rusiya heç bir fırtınanın silkələyə bilməyəcəyi planlı bir iş nümunəsini göstərdi. Üstəlik, onun təsiri o qədər böyükdür ki, digər vəziyyətlərdə qəfil bəyanatlara və addımlara meylli olan güclər onun yanında daha sakit və tarazlaşmış mövqe tuturlar. Söhbət o cümlədən Moskva ilə mövcud uyğunsuzluqlar səbəbindən vaxtaşırı sərt bəyanatlar verən (son şərhlər Liviya ilə bağlı idi), lakin ümumiyyətlə mövcud əməkdaşlıq çərçivəsində hərəkət edən Türkiyədən gedir.
Rusiya dünyanı xaosa sürüklənməkdən çəkindirmək və yeni bir qlobal sistem qurmaq funksiyalarını üzərinə götürməyə hazır olan və artıq bu funksiyaları üzərinə götürən yeni bir mərkəzə çevrilib. Moskva hər kəsə sadə və aydın qaydalar təklif edir: praqmatizm və qarşılıqlı fayda prinsiplərinə əsaslanan konstruktiv əməkdaşlıq. Rusiya və Türkiyə arasındakı münasibətlər buna daha yaxşı nümunədir, çünki bu iki ölkə tarixən “təbii geosiyasi rəqiblər” hesab olunublar, güman edilib ki, onların arasındakı anlaşılmazlıqları aradan qaldırmaq sadəcə mümkün deyil. Ancaq Moskva buna müvəffəq oldu.
Və təsadüfi deyil ki, “Türk axını”nın açılış mərasimində Vladimir Putin iki dövlətin “xalqlarımızın və bütün Avropa, bütün dünya xalqlarının mənafeyi naminə qarşılıqlı fəaliyyət və əməkdaşlıq nümunəsini göstərdiklərini” deyib. Həm Orta Şərqdə, həm də dünyanın qalan hissəsində Rusiya Prezidentinin bu sözlərini oxşar bir təklif kimi qəbul edəcək kifayət qədər paytaxt var. Baş verən narahatedici hadisələr isə çoxları tərəfindən bu təklifin qəbul edilməsinə kömək edə bilər – hər halda Moskva son illərdə dəfələrlə sübut edib ki, hətta ən çətin vəziyyətlərdə belə o, öz sözlərinə cavabdehdir – və bu göstəricidə onun sadəcə rəqibi yoxdur.
“Türk axını”nın açılışı bunun daha bir təsdiqidir.