İran ABŞ-ın gözlənilməz təklifindən imtina etdi

Məcid Taxt-Ravançi həmçinin əlavə edib ki, Birləşmiş Ştatların "görünməmiş" sanksiyaları beynəlxalq normalara ziddir
Sputnik

BAKI, 9 yanvar — Sputnik. İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Ravançi Vaşinqtonun əməkdaşlıq haqqında təklifini inanılmaz adlandırıb və bəyan edib ki, Tehran bunu qəbul edə bilməz. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Birləşmiş Ştatlar düşmənçilik siyasətinə israr etdikcə, danışıqların heç bir mənası yoxdur", - deyə iranlı diplomat bildirib.

O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatların "görünməmiş" sanksiyaları beynəlxalq normalara ziddir.

Qeyd edək ki, Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Kelli Kraft təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək rəsmi Vaşinqtonun regionda gərginliyi azaltmaq üçün heç bir şərt olmadan İranla danışıqlara hazır olduğunu bildirib.

İranın ABŞ bazalarını vurmasının peyk görüntüləri yayımlandı - FOTO

Kraftın sözlərinə görə, Birləşmiş Ştatlar İran rejimi tərəfindən beynəlxalq sülh və sabitliyə təhdidlərə imkan verməməyə çalışmaq niyyətindədir.

Bundan əlavə, daimi nümayəndə məktubunda qeyd edib ki, iranlı general Qasım Süleymaninin qətli BMT nizamnaməsinin 51-ci maddəsinə uyğundur və bu maddə dövlətlərə özünümüdafiə hüququ verir.

O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatların 29 dekabr 2019-cu ildə İranla bağlılığı olan "Əl-Haşd əş-Şaabi" qruplaşmasına endirdiyi aviazərbələr İran tərəfinin və onun dəstəklədiyi qruplaşmaların Yaxın Şərqdə ABŞ gücləri və maraqlarına hücuma cavab olub.

Bu arada Birləşmiş Ştatlar Prezidenti Donald Tramp İran rəhbərliyi və xalqına müraciət edərək onlarla sülhə hazır olduğunu bildirib: "Biz İranla bu ölkənin inkişafına, çiçəklənməsinə və böyük reallaşdırılmamış potensialından faydalanmasına imkan verəcək saziş bağlamalıyıq. İran gözəl ölkəyə çevrilə bilər. İran nüvə ambisiyalarından əl çəkməli və terrorizmi dəstəkləməyi dayandırmalıdır".