BAKI, 9 yanvar — Sputnik. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına endirdiyi aviazərbələrin fəsadlarının peykdən çəkilən görüntüləri yayımlanıb. Bu barədə Sputnik Azərbaycan "NPR"ın saytına istinadən xəbər verir.
Yayılan fotolarda raket hücumları nəticəsində anqar və binalara zərər dəydiyi görünür.
Ümumilikdə qeyd olunur ki, aviazərbələr nəticəsində azı beş hərbi tikiliyə ciddi ziyan dəyib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.