BAKI, 10 yanvar — Sputnik. Ermənistan rəhbərliyi müntəzəm olaraq İrandakı vəziyyəti izləyir, hazırda gərginlik mərhələli şəkildə azalır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Armen Qriqoryan bildirib.
"Biz ümid edirik ki, yaxın vaxtlarda yeni gərginlik olmayacaq, lakin həmişə ən pisə hazır olmaq lazımdır. Suriya və İran böhranları zamanı biz əhalinin təxliyə olunması, ərzaqla təmin olunması üzrə yeni planlar hazırladıq".
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.