CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib

Butulka uşaqların başının üzərindən məbədin divarlarına atılaraq sındırılır və bununla da onların anomal qorxusunun götürüldüyünə inanılır.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Bakı kəndləri öz qədim tarixi abidələri ilə hər zaman diqqət mərkəzində olub. Kəndlərdə olan müxtəlif əsrlərdən qalan hamamlar, karvansaraylar, məscidlər və digər tarixi abidələr bu günə kimi qorunub saxlanılır. Bu abidələrin bəziləri hətta insanların inanc yerinə də çevrilir. İnsanlar "qədim abidədir, tarixi dəyəri var" deyib, bildi-bilmədi abidələrə sitayiş edirlər. Bunlardan biri də Buzovnada yerləşən və el arasında "butulka piri" adlanan məbəddir.

Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib

Kənd sakinləri hesab edir ki, bu abidə orta əsrlərdən qalma alban məbədidir. Yeri müqəddəs bilib, bura nəzir gətirib, parça, dəsmal, yaylıq bağlayıb dilək tuturlar. Eyni zamanda xalq arasındakı inanca görə, burada "butulka" (şüşə) sındırmaq da vacibdir. Belə düşünülür ki, hər diləyə görə şüşə qab sındıran şəxsin diləkləri həyata keçir.

El arasında pir deyə tanınan məbədin cəmi bir tağı bu günümüzə gəlib çatıb. Uzaqdan məişət tullantıları atılan yeri xatırlatsa da, yaxınlaşanda ərazidə çox sayda şüşə qırığının olduğunu görmək mümkündür. Bəlkə də onilliklərdir insanlar bura səcdə edir, dilək tutur, nəzir verirlər. Diləklərinin yerinə yetdiyini iddia edənlər də var.

Bu tikili sıradan çıxsa da, xarabalıqları böyük bir ərazini əhatə edir. Ancaq nə buranı tarixi abidə kimi təqdim edən var, nə də söküb ərazidən əhəmiyyətli şəkildə istifadə edən.

Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, abidənin XIII-XIV əsrlərə aid olduğu ehtimal edilir.

"Abidənin tarixi haqqında dəqiq məlumat heç bir tarixi mənbədə qeyd edilmir. Ehtimallara görə, bina xristianların məbədi - kilsə olub. Həmin dövrlərdə bu ərazilərdə tatlar yaşayıblar. Binanın XIII-XIV əsrdə tikildiyi ehtimal olunur", - deyə tədqiqatçı bildirib.

Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib

Məbədin pirə çevrilməsinin səbəblərinə gəlincə, tədqiqatçı vurğulayıb ki, bu, sırf sakinlərin inanclarına bağlıdır:

"Ola bilsin, kimsə təsadüfən burada "butulka" sındırıb, sonra hər gələn də düşünüb ki, burada məhz "butulka" sındırmaq lazımdır. Bunun hər hansı inanca aidiyyəti yoxdur. İndi insanlar inanır, bu ayini həyata keçirir, kiminsə inancına müdaxilə etmək olmaz. Onu da deyim ki, "butulka" sındırılan pir təkcə bura deyil, Mərdəkanda "Pirhəsən piri", Maştağada "7 qapı" pirində də şüşəsındırma ayini həyata keçirilir".

Digər versiyaya görə isə bura "Nəsrani" piri adlanır. Bura Tərsa piri də deyilir. Abidə Qafqaz Albaniyasına aid edilir və onun III əsrdə tikildiyini, sonralar isə dəfələrlə bərpa edildiyini iddia edənlər də var.

Qeyd edək ki, nəsranilər xristianlara müsəlmanlar tərəfindən verilən ad olub. Deyilənə görə, bu, İsa peyğəmbərin adı ilə bağlı olan Nasirə şəhərinin adından götürülüb. Başqa bir versiyaya görə isə "nəsrani" sözü Quranın Səff surəsində istifadə edilən "ənsar" sözündən qaynaqlanır.

Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib

İddialar arasında məbədin İslamdan öncə atəşpərəstlərə məxsus olması da var.

İndi bura anomal qorxusu olan insanlar da çox gəlir, xüsusilə də hər şeydən qorxan, yuxuda qorxudan diksinərək ayılıb ağlayan uşaqlar gətirilir. "Butulka" uşaqların başının üzərindən məbədin divarlarına atılaraq sındırılır və bununla da onların anomal qorxusunun götürüldüyünə inanılır.