ABŞ ordusu İraqdan hansı halda çıxa bilər? Ekspert cavab verir

İranlı general Qasım Süleymani və İraqın şiə qoşunlarının komandir müavini Əbu Mehdi əl-Mühəndis yanvarın 3-ü gecə saatlarında ABŞ ordusunun Bağdad hava limanı yaxınlığında keçirdiyi əməliyyatda öldürülüblər
Sputnik

BAKI, 7 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Trampın impulsivliyi amerikalı əsgərlərin İraqı tərk etməsinə gətirib çıxara bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq institutunun böyük elmi işçisi Vladimir Sotnikov "REN TV" ilə müsahibəsində deyib.

Bir müddət əvvəl mediada İraqdakı ABŞ qüvvələrinin komandiri, briqada generalı Uilyam Silinin yerli hakimiyyət orqanlarının tələbi ilə əlaqədar olaraq Amerika qoşunlarının ölkədən "çıxarılmasının" başlandığına dair məktubu haqqında məlumat yayılıb. Lakin ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli məktubun "səhv" olduğunu deyib.

"Tramp impulsiv qərarlar verən insandır. O, Ağ Evdəki ən yaxın müşavirlərini belə xəbərdar etmədən general (Qasım – red.) Süleymaninin öldürülməsi ilə bağlı təkbaşına qərar verib. Düşünürəm ki, müəyyən bir anda o, başqa bir impulsiv qərar verəcək – yəni Amerika ordu qoşunlarının İraq ərazisindən çıxarılmasına dair qərarını bəyan edə bilər", - Sotnikov deyib.

Ekspert hesab edir ki, İraq hökuməti ölkə ərazisinin İran və ABŞ arasında müharibə arenasına çevrilməsini istəmir və buna görə də amerikalı əsgərlərin ölkəni tərk etməsi tələbi ilə çıxış edib.

Amerika ordusunun İraq ərazisində keçirdiyi əməliyyat nəticəsində iranlı general Qasım Süleymaninin öldürməsindən sonra İraq hökuməti və parlamenti amerikalı əsgərlərin ölkədən çıxmasını tələb edib.

Xatırladaq ki, general Qasım Süleymani və İraqın şiə qoşunlarının komandir müavini Əbu Mehdi əl-Mühəndis yanvarın 3-ü gecə saatlarında ABŞ ordusunun Bağdad hava limanı yaxınlığında keçirdiyi əməliyyatda öldürülüblər.

Vaşinqton Süleymanini və əl-Mühəndisi Bağdaddakı ABŞ səfirliyinə hücumu təşkil etməkdə günahlandırıb. Qeyd edək ki, dekabrın sonlarında ABŞ-ın İraq və Suriyada "Kətaib Hizbullah" şiə qruplaşmasına məxsus obyektlərə zərbələr endirməsindən sonra Bağdaddakı səfirlik binasına hücum edilib.