QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın Dövlət Sərhəd Xidməti Hovannisyanın cavabını verdi

Ermənistanla sərhəd Qazax və Ağstafa rayonları istiqamətində DSX-nın bölmələrinin hərbi-xidməti fəaliyyətini gerçəkləşdirdiyi bütün müddət ərzində təmas xəttində məhz Ermənistan SQ tərəfindən dəfələrlə gərginlik yaratmaq cəhdləri müşahidə olunur
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanın Müdafiə naziri Artsrun Hovannisyanın Azərbaycanla sərhəddə törədilən təxribatı ört-basdır etmək cəhdini ifşa edib.

Bu barədə DSX mətbuat xidmətinin rəhbəri Rövşən Cahangirov Sputnik Azərbaycan-a verdiyi açıqlamasında  bildirib.

Onun verdiyi məlumata görə, Sputnik Ermənistan yazıb ki, A.Hovannisyan öz Facebook səhifəsində azərbaycanlı sərhədçinin snayperlə öldürülməsini Azərbaycan tərəfinin ön xətdə mühəndis işləri apararaq sərhəddəki mövqelərini irəli çəkmək cəhdi kimi qələmə verib.

Azərbaycan Dövlət Sərhəd Xidmətindən isə Sputnik Azərbaycan-a bildirilib ki, sözügedən ərazidə DSX heç bir mühəndis-texniki iş aparmayıb.

"Ermənistan hərbi qüvvələrinin rəsmi şəxsinin bu bəyanatı açıq-aşkar yalan və Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmasının ört-basdır edilməsi cəhdidir, eləcə də ictimaiyyəti yanıltmaq məqsədi daşıyır.

Ermənistanla sərhəd Qazax və Ağstafa rayonları istiqamətində DSX-nın bölmələrinin hərbi-xidməti fəaliyyətini gerçəkləşdirdiyi bütün müddət ərzində təmas xəttində məhz Ermənistan SQ tərəfindən dəfələrlə gərginlik yaratmaq cəhdləri müşahidə olunur və bunlara adekvat cavab verilir", -  Rövşən Cahangirov deyib.