İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 7 yanvar — Sputnik. Tovuzda itkin düşən azyaşlı qızın meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşular cəsədi yanarkən tapıblar.
Kənd sakinlərinin bildirdiyinə görə, Nərmin Şərif qızı Quliyevanın meyiti ötən gün axşam saat 19.20 rədələrində yaşadığı evin yaxınlığına atılıb. Mərhumun nənəsi Minayə İsmayılova Sputnik Azərbaycan-a açıqlamasında cəsədin atıldıqdan sonra yandırıldığını deyib.
"Qonşu axşam yola siqaret çəkməyə çıxıbmış. Görüb ağacın dibində nəsə yanır. Qaçıb başqa qonşunun uşağıyla birgə söndürüb. Üzərinə torpaq töküb söndürüblər. Hər ikisini axşamdan polis şöbəsinə aparıblar", - deyə İsmayılova bildirib.
Meyit tapılan əraziyə gələn Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları baxış keçiriblər. Hadisə yerindən iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb.
Azyaşlının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.