CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisindən xəbərdarlıq: görmürük!

Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən bəzi sürücülər avtomobillərini, o cümlədən onların dövlət qeydiyyat nişanlarını təmizləmirlər
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Bu günlərdə avtomobilini təmiz saxlamayan bəzi sürücülər 40 manat məbləğində cərimə oluna bilərlər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı xəbərdarlıqda bildirilir.

Məlumatda deyilir ki, son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilib. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən bəzi sürücülər avtomobillərini, o cümlədən onların dövlət qeydiyyat nişanlarını təmizləmirlər.

Nazirlik dərsliyə "yox", polis "hə" deyir - bəs uşağa qaydanı kim anlatsın?

BDYPİ-nin şöbə rəisi Rüfət Quliyevin sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.

“Hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artdığından sürücülər tərəfindən avtomobillərin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir. Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək, avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaması, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirməsi yolverilməzdir”, - deyə o bildirib.

Şöbə rəisi əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.