BAKI, 6 yanvar — Sputnik. Bakıdan Həştərxana uçan təyyarə güclü duman səbəbindən geri qayıtmalı olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Buta Airways" şirkətinin yaydığı məlumatda deyilir.
"Həştərxanda güclü duman olduğundan "Buta Airways"in J2-9235 reysinin təyyarə kapitanı Bakı aeroportuna qayıtmaq qərarını verib. Təyyarə yerli vaxtla 10:50-də Bakı hava limanına enib", - məlumatda bildirilir.
Hava şəraiti yaxşılaşandan sonra təyyarənin yenidən Həştərxana yola salınacağı bildirilir.
Bu günlərdə Bakıdan Moskvaya uçan başqa bir təyyarə də məcbur olaraq Volqoqradda eniş etmişdi. Buna səbəb isə göyərtədəki sərnişinlərdən birinin halının pisləşməsi olmuşdu. Sərnişin xəstəxanaya çatdırılandan sonra təyyarə yenidən Moskvaya uçmuşdu.