İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 6 yanvar — Sputnik. Azərbaycanda camışçılığın tarixi uzaq keçmişə gedir. Əsasən çayətrafı, göl və bataqlıq yerlərdə saxlanılan bu heyvanların ölkəmizdə əsas məskənləri Kür qırağı, Araz vadiləri, Qazax-Qarabağ düzləri olub. Lakin son vaxtlar ölkəmizdə, eləcə də qərb bölgəsində bu təsərrüfat sahəsi tənəzzül yaşamaqdadır. Avropada “qara mirvari” adlandırılan bu heyvanların azalma səbəblərini Sputnik Azərbaycan araşdırıb.
Təsərrüfat sahibləri bunu əsasən su hövzələrinin azalması və örüş sahələrinin əkin torpaqlarına çevrilməsi ilə əlaqələndirirlər. Demək olar ki, əvvəllər böyük camışçılıq təsərrüfatlarında bəslənən bu heyvanlar indi ancaq şəxsi təsərrüfatlarda saxlanılır.
Təsərrüfat sahibi Şamil Quliyev son illər örüş sahələrinin əkin üçün ayrılmağı səbəbilə camışçılıq üçün əlverişli sahələrin azaldığını söyləyib: "On beş yaşımdan camış saxlayıram. Camış otarılması rahatdır. Qidası asan əmələ gəlir. Gəliri də maldan üstündür. Bircə balası zəif olur. Ona da gərək yaxşı baxasan. Camışa inək qədər müalicə də lazım olmur. Amma su hövzələri azaldığından, həm də təbii örüş yerlərində süni suvarma yaradıb əkinə verildikdən sonra camış saxlamaq da çətinləşib. İnək susuz dözür, camış amma su gəzir".
Təsərrüfatçıların sözlərinə görə, camış inəkdən daha gəlirli hesab edilir. Bunun səbəbi onun ətinin və südünün daha faydalı olması ilə əlaqələndirilir. Bir litr camış südü tərkibinə görə üç litr inək südünə bərabərdir. Buna görə də camışın südü, qatığı, yağı daha bahalıdır. Kəmiyyət etibarilə inək camışdan iki dəfə artıq süd versə də, alınan yağ və pendir baxımından camış südü daha məhsuldardır. Bazarlarda camışın özü də südü kimi inəkdən xeyli bahadır. Normal böyüklükdə olan bu heyvanın bir başı təxminən 2000-2200 manata satılır.
Heyvandarlar camış ətinin inək və qoyun ətindən dəfələrlə üstün olduğunu deyirlər. O, həm də xəstəliklərə davamlıdır. Məsələn, bu heyvan brusellyoza yoluxmur. Əti bir çox xəstəliklərin müalicəsində faydalıdır. Mütəxəssis rəylərinə görə, camış əti dana ətindən 40% daha az xolesterola, 55 % daha az kaloriyə, 11 faiz daha çox protein və mineral maddəyə malikdir.
Buna baxmayaraq, ölkəmizdə camış ətinə tələbat o qədər də böyük deyil. Uzun illər kolxoz və sovxozlarda camışçılıq təsərrüfatlarında işləyən 80 yaşlı Müzəffər Qocayev bunun səbəbini uzun illərdir camış ətinə qarşı düzgün olmayan fikir formalaşdırılmasıyla əlaqələndirir:
"Camaat elə fikirləşir ki, guya camışın əti bərkdir, çətin bişir, yaxşı olmur. Amma əslinə qalanda camış potasının əti dana ətindən həm dadlı, həm keyfiyyətli, həm də faydalıdır. Ona görə qəssablar potanı gizli kəsib dana əti ilə qarışdırıb satırlar. Heç bir qəssab boynuna almır camış ətidir kəsdiyi".
Artıq 30 ildir camışçılıq təsərrüfatı saxlayan Şahin Əliyev 20-dən artıq camış saxlasa da, əlində olan örüş torpağına görə onu artıra bilmədiyini söyləyib.
“İyirmi camışım var. Artırmaq fikrim var, amma alınmır. Yerimiz məhduddur. Əvvəlki örüş yerlərimizi əkinə veriblər. 20 hektarda ancaq ki 20 camış saxlaya bilirəm, bir o qədər də balası var”, - deyərək məlumat verib.
Şahin Əliyev camışın inəkdən daha asan olduğunu da bildirib: "Camış saxlamaq asandır. Saman yeyir, quru ot yeyir. Qoyun doyan yerdə otlayıb doyur. Amma inəyin gərək nazıyla oynayasan. Arxasınca gedib-gələsən. Məsələn, camışı samanla yaza çıxarmaq olur, amma inəyi olmur. İnək südünün 10 litrindən, camış südünün 5 litrindən 1 kilo pendir çıxır. Elə gəlib evdən alıb aparırlar. Amma yer məhdudluğu saxlamağımızı çətinləşdirir".
Söhbət zamanı fermerlər camış saxlamaqda maraqlı olduqlarını deyiblər. Onlar şərait yaradılarsa, camışlarının sayını nəinki azaltmaq, əksinə, xeyli artırıb gəlir əldə etmək niyyətindədirlər.